“Azərbaycanda vəkillərin sayının az olduğu barədə fikirlər var. Bu həqiqətən belədir. Amma aidiyyəti orqanlar tərəfindən bununla bağlı müxtəlif layihələr həyata keçirilib”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bunun nəticəsində son illər bu problem aradan qalxmaqdadır:
“Amma yenə də bu sahəyə daha çox qadının cəlb olunması və qadınların özlərini mütəxəssis kimi sınaması üçün bu fəaliyyətin böyük əhəmiyyəti var”.
Bahar Muradova qeyd edib ki, Azərbaycan qadınlarına çağırış etmək lazımdır:
“Ona görə ki, onlar peşə seçərkən hüquq sahəsini, xüsusilə də məhkəmələrdə insanların hüquqlarının müdafiə sahəsinə üstünlük versinlər. Çünki buna ciddi ehtiyac var. Ailədaxili problemləri olan qadınlar hüquq mühafizə orqanlarına müraciət etdikdə qadın vəkillərə üstünlük verməyə çalışırlar”.
Bahar Muradova onu da bildirib ki, 2019-cu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumunun müddəti bitib:
“Bu müddət ərzində memorandumdan irəli gələn vəzifələri həyata keçirmişik. Növbəti müddət üçün məsləhətləşmələr aparılmalı, müasir dövrün çağırışlarına və qarşıda dayanan vəzifələrə görə müəyyən tapşırıqlar, eləcə də gələcək fəaliyyətimiz müəyyənləşdirilməlidir” – o qeyd edib.