image-51backend

FHN-də Zəfər Gününə həsr olunan tədbir keçirilib

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib.

Veteninfo.az  xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, Vətən müharibəsində döyüşmüş FHN əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və onların valideynləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə, FHN-in Akademiyasının həyətində ucaldılan ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Zəfər Gününə həsr olunan hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra FHN-in Akademiyasına yeni qəbul olan kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən nazir müavini Etibar Mirzəyev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Sonra çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Daha sonra Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Toğrul Məmmədov, Vətən müharibəsi iştirakçısı, FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və kursant valideyni Xəyyam Hüseynzadə çıxış edərək mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.

Tədbir FHN-in müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilən məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Sadıqov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar FHN-in İdman-sağlamlıq klubu idmançılarının nümunəvi çıxışlarını izləyiblər.

Mərasim FHN-nin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki