image-47backend

Gəncədə elektron qolbağa müdaxilə edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

image-reklam_sirab_01

Gəncə Apellyasiya Məhkəməsində oğurluq və qanunsuz ağac kəsməkdə təqsirləndirilən Elçin Əlizadə barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Vətəninfo.az-ın xəbərinə görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkumun apellyasiya şikayəti təmin edilib. Belə ki, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli qərarı ləğv olunub. Gəncə Şəhər Probasiya Şöbəsinin icra məmurunun məhkum E.Əlizadəyə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə dair təqdimatı təmin olunmayıb.

E.Əlizadəyə Göygöl Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi icra olunub.

Məhkumun üzərində qəti olaraq 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və E.Əlizadə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, oğurluq və qanunsuz ağac kəsməkdə təqsirləndirilən E.Əlizadə Göygöl Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, məhkumun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.

Eyni zamanda, onun cəzasının icrasının yaşayış yeri üzrə Probasiya Şöbəsinə tapşırılması və cəzasının əvvəlinin cəzanı icra edən müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

1 iyul 2021-ci il tarixdə Gəncə Şəhəri Probasiya Şöbəsinin icra məmuru təqdimatla Kəpəz Rayon Məhkəməsinə müraciət edərək məhkum E.Əlizadənin elektron nəzarət vasitəsinə müdaxilə etdiyini bildirib və ona təyin olunan cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini xahiş edib.

Təqdimatda göstərilib ki, 20.05.2021-ci il tarixdə Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən daxil olan məlumata əsasən, məhkum E.Əlizadə elektron qolbağın müdaxilə edib, bu səbəbdən qolbağın açılması barədə siqnal daxil olub.

Həmçinin 08.06.2021-ci il tarixdə Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən daxil olan məlumata əsasən, 31.05.2021-ci il tarixdə saat 15:16-dan saat 16:10-dək “Qolbaq tapılmır” siqnalı daxil olub. Bununla məhkum E.Əlizadə elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozub.

Qeyd olunan qayda pozuntuları ilə bağlı E.Əlizadə şöbəyə çağırılaraq izahatı alınıb. Məhkum hər iki halda təqsirini etiraf edib.

Kəpəz Rayon Məhkəməsi Probasiya Şöbəsinin təqdimatını təmin edib və E.Əlizadəyə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 3 ayı 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub.

Məhkumun müdafiəçisi Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini xahiş edib. Müdafiəçi apellyasiya şikayətində qeyd edib ki, E.Əlizadə psixi xəstəlikdən əziyyət çəkir, ona görə də onun üzərində gəzdirdiyi qolbağa müdaxiləsi qəsdlə və ya cəzanın icrasından yayınması kimi qiymətləndirilməməlidir. Həmçinin məhkum anasının xəstələnməsi ilə bağlı onun yanına getməsi səbəbindən qolbağı açmaq istədiyini bildirərək onu gəzdirməkdən yayınmayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki