image-photo-2021-12-18-09-19-17-1backend

NATO ilə etibarlı əməkdaşlığın inkişafı.

image-reklam_sirab_01

Hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. Azərbaycan və NATO arasındakı əməkdaşlıq tarixi isə XX əsrin sonlarında, Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən sonra başlamışdır. Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlasa da, 1994-cü ildə Prezident Heydər Əliyevin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədini imzalaması ilə bu münasibətlər daha konkret məcraya istiqamətləndi.
NATO ilə ŞAƏŞ üzvləri arasındakı əməkdaşlığı təşkilati formaya çevirmək məqsədi ilə hazırlanan “Sülh naminə tərəfdaşlıq proqramı”, 1993-cü ilin Oktyabr ayında Almaniyada keçirilən NATO Müdafiə Nazirləri Konfransında ABŞ Müdafiə Naziri Les Aspin tərəfindən irəli sürülmüşdür. Brüssel Sammitində yayımlanan NATO-nun SNTyə üzv olmaq üçün ölkələrə etdiyi çağırış mətnində, bu proqramın, NATO və fərdi tərəfdaş ölkələr arasında ikitərəfli əməkdaşlıq mühiti yaratmağı hədəflədiyi açıqlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” sazişini imzaladı. Bu sənəddə aşağıdakı fikirlər qeyd olundu: “Bu tərəfdaşlıq ümumi inamın ifadəsi kimi müəyyənləşdirilib ki, Avro-Atlantik məkanda stabillik və təhlükəsizlik yalnız əməkdaşlıq və birgə fəaliyyət nəticəsində əldə edilə bilər. Əsas azadlıqların və insan hüquqlarının müdafiəsi və inkişafı və azadlığın, ədalətin və demokratiya yolu ilə sülhün qorunub saxlanılması tərəfdaşlığın ümumi dəyərlərini təşkil edir”. Bu, əməkdaşlıq prosesində ən əhəmiyyətli addım oldu. Beləliklə, Azərbaycan NATO ilə bir sıra sahələrdə faydalı əməkdaşlığı genişləndirmək imkanı əldə etdi və Qərblə olan qeyri-müəyyən qarşılıqlı münasibətlərini daha konkret tərəfdaşlıqla əvəz etmiş oldu.
23-26 yanvar 2001-ci il tarixlərində NATO-nun və SNT proqramı üzrə 30 ölkənin nümayəndələrinin iştirakı ilə Azərbaycanda “Əməkdaşlıq Tədbirləri” mövzusunda konfrans keçirildi. Konfransda Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak etmişdir. 2-6 iyun 2003-cü il tarixlərində “Terrorizm: Yeni Gözləmələr, Yeni Təhlükələr və Tərəfdaş Ölkələrin Əks Əməliyyatları” mövzusunda konfransı, ABŞ-da 11 sentyabr terror hücumundan sonra SNT çərçivəsində terrorizmlə əlaqədar Bakıda keçirilən ilk konfrans olmuşdur.

Qərbi Kaspi Universiteti- Ağayev Tahir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki