Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti.
Ötən əsrin əvvəllərində — Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərdən tutmuş peşəkar hərbi kadrların çatışmazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verdi.
Xalqımızın Ümummilli Lideri Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verdi, yalnız bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etdi.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə artıq erməni silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal edirdilər. Xalq Cəbhəsi dövründə baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, əsgərlər arasında ciddi nizam-intizam yaradılması, xalqımızın böyük oğlunun cəbhə bölgələrində, səngərlərdə əsgərlərlə görüşməsi, zabitlərimizlə həmsöhbət olması ordumuzu xeyli ruhlandırmışdı.
Ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu arzular reallaşdı. Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin orduya göstərdiyi qayğı — zabitlərin evlə təmin olunması, əmək haqlarının artırılması, yeni silahların alınması və bu kimi işlərin görülməsi danılmazdır.
Bu gün fəxrlə deyirik ki, ordumuz dünyanın ən güclü ordularından biridir. Əlbəttə, bu, hərbi sahədə aparılan uğurlu islahatların nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili siyasəti nəticəsində Azərbaycanın dinamik iqtisadi inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi və dünya dövlətlərinin ədaləti dəstəkləməsi, işğalçının işğalçı kimi tanınması istiqamətində işlər uğurla davam edir. Bunlarla bərabər, Silahlı Qüvvələrimizin gücləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi, müasir döyüş texnikaları ilə, silah-sursatla təchizatı daim diqqət mərkəzində saxlanır.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun güc-qüdrətinin indiki səviyyəyə çatmasının təsadüfi olmadığını xüsusi vurğulayıb: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Nəhayət, Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm zəfərlə Ermənistanın işğalına son qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər silahlı qüvvələrimiz bu savaşla təkcə faşist Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğratdı.
Burada bir tarixi məqamı da xatırlatmaq istərdim. Prezident İlham Əliyev Vətən müharibəsində düşmənin məğlubiyyəti ilə başa çatan gün qələbə münasibətilə xalqa müraciətində hamı¬mızı sevindirən, 30 illik ağrı-acılara son qoyan uğurlarımızı xalq-Prezident-ordu vəhdətinin, birliyinin şərtləndirdiyini bildirdi: “Biz nə qədər böyük sınaqlar¬dan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlü¬yümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.
Prezident, Ali Baş Komandan İlham Əliyev, həmçinin Vətən müharibəsinin bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdiyini vurğuladı. Əlavə etdi ki, uğurlarımızın əsasında yenilməz, dəmir iradəli, müzəffər xalq, müzəffər ordumuz dayanıb.
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Nəsimi rayon sakini
Allahverdiyeva Əfsanə