image-8backend

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında Azərbaycan “izi” – 2 rəy

image-reklam_sirab_01

ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistandadır. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Verilən infromasiyada “ABŞ Müdafiə Nazirliyinin nümayəndələri – general-mayor Keyt Fillips və briqada generalı Patrik Prayorun Ermənistanın dövlət xadimləri və Silahlı qüvvələrinin nümayəndələri ilə görüşlər keçirəcəyi, ABŞ və Ermənistan arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi perspektivlərini müzakirə edəcəyi” bildirilib.

Artıq Ermənistan müdafiə naziri Suren Papikyan ölkəsində səfərdə olan Kit Filips və Patrik Prayor ilə görüşüb (Papikyan görünür bu səbəbdən KTMT-nin iclasına qatılmaqdan imtina edib). Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, görüşdə həmçinin ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin və səfirliyin hərbi attaşesi iştirak edib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı, həmçinin regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Xatırladaq ki, general Patrik Prayor həm də ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavinidir və onun başçılıq etdiyi nümayəndə heyəti az öncə – 5-7 aprel aralığında Ermənistana səfərdə olub. Bəs amerikalı generalların intensivləşən İrəvan səfərlərinin pərdəarxasında konkret nə durur? Azərbaycan üçün narahat olmalı məqam varmı? ABŞ Ermənistanda ordumu qurur?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu məsələyə “Yeni Müsavat”da belə şərh verdi: “Paşinyan anti-Rusiya, Qərbin adamı olduğu üçün təbii olaraq 2018-ci ildəki ”məxməri inqilabla” hakimiyyətə gəldikdən bəri Ermənistanda və ümumilikdə Cənubi Qafqazda yaşanan hadisələr ABŞ-Ermənistan-Rusiya oxunda yaşanan balans dəyişiklikləri ilə əlaqələndirilə bilər. Bu baxımdan Ermənistanın 2020-ci il məğlubiyyəti ilə 30 il işğalda saxladığı torpaqları geri qaytarması, 2021-ci il may (delimitasiya və demarkasiya aparılması) və noyabr aylarında (Zod qızıl yatağında Azərbaycan-Ermənistan sərhəddinin müəyyən edilməsi), 2022-ci ilin mart (Fərrux kəndinə Azərbaycan Ordusunun nəzarəti bərpa etməsi), avqust (erməniləri Laçın dəhlizinə alternativ yoldan istifadəyə məcbur etmə) və sentyabr (Laçın dəhlizi ilə mina daşınmasının sonlandırılması) hərbi toqquşmalarda Ermənistanın strateji mövqe itkiləri və nəhayət, 2023-cü ilin başlanmasından bəri yaşanan gərginlik fonunda sülh danışıqlarının intensivləşməsi hamısı bir məqsədə xidmət edir – Ermənistanı sülhə məcbur etməyə. Ermənistan bu itkilərin qarşısını almaq üçün Aİ missiyasını bölgəyə dəvət etməklə, bir az daha da vəziyyəti gərginləşdirdi. Hazırda Ermənistanın NATO və ABŞ-la birgə hərbi təlimləri gündəmdədir. Ötən ay Pentaqonun saytında Ermənistanın “Defender 23″ hərbi təlimlərində iştirak edəcəyi bildirilmiş, daha sonra Ermənistanın adının yanlışlıqla qeyd edildiyi ictimaiyyətə açıqlanmışdı, belə ki, Ermənistan indiyə kimi heç vaxt bu təlimlərdə iştirak etməyib. Daha sonra Ermənistan Müdafiə Nazirliyinin məlumatı paylaşıldı ki, Ermənistan Defender 23-də deyil, ABŞ və Avropa ölkələri ilə birgə digər hərbi təlimlərdə (KFOR və Sabe Junction) iştirak edəcək. Ermənistanın KTMT hərbi təlimlərində iştirakdan imtina etməsi, ümumiyyətlə KTMT-dən çıxmasını gündəmə gətirdiyi bir zamanda ABŞ-la hərbi təlimlərin keçirilməsi mövzusunda intensiv danışıqların aparılması təbii olaraq, Ermənistan-Azərbaycan sərhədində təxribatlar, Ermənistanın növbəti məğlubiyyətləri və Azərbaycanla sülh müqaviləsini imzalaması ilə müşayiət oluna bilər. Bütün bunlar nəticə etibarilə Ermənistanda hakimiyyət çevrilişinə gətirib çıxarmayacaqsa, o zaman Ermənistanı Qərbə daha çox yaxınlaşdıracaq, Azərbaycanın isə daha çox öz 30 illik tələblərinə və haqlı istəklərinə nail olması ilə nəticələnəcək. Erməni diasporunun revanşist qüvvələrinin potensialını və Ermənistanı silahlandırmaq və yeni ordu quruculuğu proqramlarını nəzərə alaraq, bütün bunların yaxın və ya uzaq gələcəkdə atılacaq addımlara hesablandığı təxmin edilə bilər. Yəni Ermənistanla indi sülh müqaviləsi imzalansa da, Azərbaycan daima öz ordu quruculuğunu, elmi-texniki tərəqqisini artırmalı, daha da inkişaf etdirməli, faydalı strateji əməkdaşlıqlar və qarşılıqlı faydalı layihələrlə bölgədə münaqişəni çəkindirici siyasət yürütməlidir”.

Hərbi ekspert Alp Arslan İmamqulu Azərbaycan tərəfin boş dayanmayacağını düşünür: “Rusiyanın Ukraynada uğursuzluqlara düçar olması təbii ki, onun Cənubi Qafqazda olan mövqeyini də zəiflətməkdədir. Xüsusən də, onun müttəfiqi Ermənistanla münasibətlərinə son dönəmlərdə baxsaq, görərik ki, Ermənistan daha çox Qərbə meylli görünür. Təbii ki, açıq aşkar göstərməsə də, bu istiqamətdə diplomatik, ciddi addımlar atmaqdadır. Bu baxımdan həm də Amerikanın Ermənistanla olan münasibətləri, eləcə də Qərbin Ermənistanla münasibətləri konteksindən məsələlərə yanaşsaq, bunu sadəcə, təktərəfli olaraq görməmək lazımdır. Ümumiyyətlə, Qərbin yanaşması Cənubi Qafqaza ümumi olaraq baxmasıdır. Cənubi Qafqazda yerləşən Azərbaycan, Gürcüstan və Ermənistanla olan münasibətlərin tənzimlənməsi, bir sıra hərbi təlimlərin keçirilməsi, bu istiqamətdə bir sıra addımların atılması nəzərdə tutulub deyə düşünürəm. Daha əvvəldən Azərbaycan və Gürcüstanın Amerika ilə hərbi təlimlər, hərbi əlaqələr baxımından münasibətlərinə baxsaq, əlaqələr mövcud idi. Amma Ermənistanda bu az görünürdü. Bu baxımdan Ermənistan artıq bu istiqamətə diqqətini cəlb etməkdədir. Bu gün Ermənistanın Amerika generalları ilə görüşlərinin təşkil olunması əslində heç bir narahatçılığa əsas gətirməməlidir. Bu o mənanı vermir ki, Ermənistana Amerikanın ordusu gələcək, yaxud hər hansı bir ordu qurulacaq. Heç bir dəyişikliyin olacağını düşünmürəm. Amma təbii ki, ortaq təlimlər keçiriləcək. Onun silah arsenalına da yenidən baxış keçiriləcək. Buna da uzunmüddətli bir zaman lazımdır. Hansı ki, bu zamanı Azərbaycan daha əvvəldən aşıb. Bu gün Azərbaycan həm silah arsenalı, həm də şəxsi heyətinin qabiliyyətliliyi baxımından çox hazırlıqlıdır. Bundan sonra Ermənistanın Qərb dairələri ilə əlaqələrini genişləndirməklə ordusunu gücləndirməyə çalışması ən azından 5-10 il çəkəcək ki, bu müddət ərzində də Azərbaycan boş durmayacaq, bir sıra məsələlər, xüsusilə, Zəngəzur məsələsi tamamilə həll olmuş olacaq”.“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki