image-1backend

Qazax yazıçısı Kemel Tokayevin kitabı azərbaycanlı oxuculara təqdim olunub

image-reklam_sirab_01

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan görkəmli Qazax yazıçısı və ictimai xadim Kemel Tokayevin Azərbaycan dilinə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimatı olub.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan, insanları sülhə səsləyən “Xüsusi tapşırıq” kitabının “Türk ədəbiyyatının inciləri” seriyasından olduğunu bildirib. K.Tokayevin yazıçılıq fəaliyyəti ilə yanaşı, jurnalistika ilə də məşğul olduğunu, publisistik əsərlərində Qazaxıstanın mühüm mədəni və sosial məsələlərini işıqlandırdığını deyib.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev Kemel Tokayevin Qazax ədəbiyyatında detektiv janrının təməlini qoyan yazar olduğunu söyləyib: “O, hər bir əsərini arxivdəki məlumatlara əsaslanaraq yazıb. Yaşanan hadisələri qələmə alaraq tarixdə unudulmaz iz qoyub”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Kemel Tokayevin kitabının Azərbaycan dilində nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Türk mədəniyyətinin və söz sənətinin inkişafına böyük töhfələr verən Kemel Tokayevin Qazax ədəbiyyatının detektiv janrının banilərindən olduğunu deyib.

Akademik İsa Həbibbəyli bu kitabın Azərbaycan dilinə tərcüməsinin, eyni zamanda beynəlxalq kitab sərgisində təqdimatının türk dövlətləri arasında inteqrasiya əsaslı tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə olduğunu söyləyib.

Qeyd edib ki, “Xüsusi tapşırıq” kitabı yerli oxuculara Qazax ədəbiyyatının böyük siması olan Kemel Tokayevin yaradıcılığı ilə tanış olmağa imkan yaradacaq.

Tədbirdə çıxış edən Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev kitabın Azərbaycan dilində nəşr olunmasını yüksək qiymətləndiriblər.

Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov da kitab haqqında fikirlərini bölüşüb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Kemel Tokayevin yaradıcılığından söz açaraq, bu cür əlamətdar günlərin ənənəyə çevrilməsinin önəmini vurğulayıb.

Kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, tərcüməçisi Rǝbiqə Nazimqızı, redaktoru isə Əkbər Qoşalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki