image-1backend

COP29-dakı tarix razılaşma ölkəmizin beynəlxalq nüfuzunu artıqdı

image-reklam_sirab_01

Təzyiqlərə və təsirlərə baxmayaraq Azərbaycanın rəhbərliyi ilə COP29 Sədrliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə tarixi razılıq əldə edib. Bu tarixi razılaşmanı və ümumilikdə COP29-u irəliyə, sabit gələcəyə doğru məsuliyyətli addım, təhlükəsiz gələcəyi qurmaq uğrunda cəsarətli öhdəlik adlandıra bilərik.

Bakıda keçirilən COP29-da əldə edilən tarixi razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə dəstək vermək üçün hər il 300 milyard dollar öhdəlik götürüblər.

Bu öhdəlik temperaturun sürətlə yüksəlməsi ilə mübarizə çərçivəsində inkişaf etmiş ölkələrin mövcud vəsaiti üç dəfə artırmasıdır. 2035-ci ilə qədər müxtəlif mənbələrdən, o cümlədən hökumət maliyyəsi, ikitərəfli və çoxtərəfli müqavilələr hesabına hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi götürülüb.

COP29-da əldə edilən tarixi razılaşmanı iqlim dəyişikliyinin dağıdıcı təsirlərini azaltmaq, daha davamlı dünya qurmaq uğrunda paylaşdığımız qlobal məsuliyyətin güclü bir xatırlatması kimi qəbul etmək lazımdır. Etiraf etməliyik ki, tələb edilən 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin əvəzinə 300 milyard ayrılması iştirakçı tərəflərin tam da arzuladığı nəticə deyil. Ancaq bu razılaşmanı 2035-ci ilə qədər uğurlu nəticəyə – 1,3 trilyon məbləğində iqlim maliyyəsi hədəfinə çatmaq üçün yolun başlanğıcı kimi qəbul etməliyik. Əldə edilmiş tarixi razılaşma iqlim dəyişikliyinin təsirinin, fəsadlarının aradan qaldırılması üçün hərəkətə, hesabatlılığa və davamlı səylərə çağırış kimi qiymətləndirilməlidir. Bu qlobal əməkdaşlıq daha təmiz enerji həlləri və hamıya fayda verən inklüziv inkişaf üçün mühüm təməldir.

Bu prosesdə vacib təşəbbüslərindən biri sayılan iqlim maliyyəsinin şəffaf idarə olunması məqsədilə “İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü” adlanan mexanizm – BICFIT formalaşdı. Bu mexanizm çoxtərəfli iştirakçılıq dialoqunun təmin olunması ilə iqlim maliyyəsi, investisiya və ticarətinin, milli, regional və subregional platformaların inkişafı üçün qlobal çoxtərəfli tərəfdaşlıq qurulmasını özündə ehtiva edir. Platforma inkişaf etməkdə olan iştirakçı tərəflərə ikiillik şəffaflıq hesabatlarının hazırlanmasında və təqdim edilməsində dəstək verəcək. Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin bütün spektri üzrə bütün tərəflər arasında əməkdaşlığı və bilik mübadiləsini təşviq edəcək. Ehtiyac duyulan yerlərdə belə bir potensialın yaradılması üçün resursları daha yaxşı səfərbər edəcək. BICFIT, həmçinin iqlim davamlılığının artırılması və emissiyaların azaldılması, ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin əldə olunması üçün təkmilləşdirilmiş ticarət siyasətinin aparılmasına xidmət edəcək iş yerlərinin yaradılması və həssas qruplar da daxil olmaqla iqlim maliyyəsinə bərabər çıxışın təmin edilməsi ilə ədalətli keçidə nail olmağı hədəfləyir.

Azərbaycanda iki həftəlik COP29 sammitinin sonunda əldə edilən tarixi razılaşma tərəflər arasında gərgin, hətta bəzən açıq-aşkar ədalətsiz şərtlərlə aparılan danışıqların nəticəsində əldə olundu.

Prosesi ilk gündən izləyən biri kimi qeyd edim ki, qlobal iqlim əməkdaşlığı prosesin bundan sonra ekzistensial sualların ağırlığı altında irəliləyəcəyi qənaətindəyəm. Lakin, Bakıda əldə olunmuş tarixi razılaşma dövrümüzün ən aktual problemlərindən birinin həllində kollektiv fəaliyyətin gücünü vurğuladı. Keçən illərin acı təcrübələrini nəzərə alaraq, COP29-da əldə olunmuş tarixi razılaşma üzrə öhdəliklərin real, ölçülə bilən nəticələrə çevrilməsinin iştirakçı ölkələr tərəfindən təmin olunmasına çalışmaq vacibdir, çünki hamımızın evi olan planetimizin gələcəyi bundan birbaşa asılıdır.

Azərbaycanın rəhbərliyində COP29-da əldə olunan nəticələr gələcək illərdə davamlı tərəqqi və daha güclü iqlim fəaliyyətinə ümid verir, ətraf mühit problemləri ilə mübarizədə vacib həllər hazırlayır. Əldə olunmuş razılaşma prosesindəki bütün çətinliklərə, tərəflərə edilən kənar təzyiq və təhriklərlə şərtləndirilən fikir ayrılıqlarına baxmayaraq, COP29 iqlim problemləri qarşısında qlobal əməkdaşlığın presidentsiz nümunəsi kimi tarixdə düşdü.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki