Azərbaycanın müasir tarixində dövlət müstəqilliyimizə ən böyük təhdid və təhlükə mənbəyi Ermənistanın işğalı ilə bağlı olub. 28 il boyunca ərazilərinin əhəmiyyətli hissəsi üzərində suveren hüquqlarından məhrum olan, çoxsaylı müharibə cinayətləri ilə yanaşı, etnik təmizləmələrə və Xocalı soyqırımına məruz qalan, milyona yaxın qaçqın və məcburi köçkünün ağır sosial problemləri ilə üzləşən Azərbaycanın dövlət müstəqilliyini qoruya bilməsi, mübaliğəsiz, tarixi nailiyyətdir.
Nəzərə alsaq ki, Ermənistan istər torpaqlarımızı işğal edərkən, istərsə də işğal faktının nəticələri ilə bağlı status-kvo vəziyyətinin qorunmasına nail olduğu üç onillik ərzində çoxsaylı havadarlarının çətiri altına sığınıb, bu tarixi nailiyyətin arxasında hansı fədakarlıqların dayandığını təsəvvür etmək çətin olmaz. Azərbaycanın bu cür ədalətsiz şərtlər altında dövlət müstəqilliyini qorumaqla yanaşı, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilməsi, sözün həqiqi mənasında, nadir tarixi hadisələrdəndir. Ötən illər ərzində hər birimiz dəfələrlə şahidi olmuşuq ki, Ermənistanın işğalçı-haqsız tərəf olmasına baxmayaraq, hansı güclər onun yanında yer alıb və Azərbaycana hansı iyrənc üsullarla təzyiq etməyə çalışıb. Əksər hallarda belələri nəinki beynəlxalq-hüquq normalarına, hətta diplomatiyanın elementar etik davranış qaydalarına da həqarət edib, bəzən isə təzyiqlə kifayətlənməyərək təhdid və hədə dilinə keçiblər. İndinin özündə də buna cəhd edənlər az deyil. Prezident İlham Əliyev elə bütün bunlara görə Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında üzləşdiyimiz haqsızlığa və böyük dövlətlərin ikili standartlar siyasətinə qarşı tarixi mübarizəmizin möhtəşəm nəticəsini bu cür dəyərləndirmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib ki, müasir tariximizdə dövlət müstəqilliyimizi təhdid edən təkcə Ermənistanın işğalçılıq siyasəti və bu siyasətə riyakarcasına dəstək verən dairələrin məkrli planları olmayıb. 1991-1993-cü illərdə işğal amilindən heç də zəif olmayan başqa bir təhlükə də dövlət olaraq mövcudluğumuzu ciddi şəkildə təhdid edirdi. Əgər o dövrün ictimai-siyasi həyatının real simasını öz adı ilə ifadə etsək, ilk olaraq vətəndaş etimadsızlığı yada düşür. O vaxt hakimiyyət səriştəsizliyi səbəbindən daxili sabitliyin pozulması, hərc-mərclik o həddə çatmışdı ki, sıravi vətəndaş qanunların gücü ilə deyil, silahlı dəstələrin zoru və qanunsuz tələbləri ilə hesablaşmağa məhkum idi. Hakimiyyətə vətəndaş inamsızlığı o qədər yüksək idi ki, əhali problemlərinin həllini dövlət orqanlarında deyil, qanunsuz silahlı dəstələrin real müdaxilə gücündə axtarırdı. Bu, dövlət idarəçiliyinin büsbütün iflasa uğraması demək idi. Hakimiyyət qolları, ayrı-ayrı dövlət orqanları arasında təmin edilməli olan etimad mühiti də kimlərinsə şəxsi və siyasi ambisiyalarına qurban verilmişdi. Xüsusilə AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir il ərzində vətəndaşın və dövlətin taleyinə görə məsuliyyət daşımalı olanlar populist və məsuliyyətsiz qərarları, qanunsuz silahlı dəstələr qarşısında qorxaq davranışları ilə Azərbaycanı parçalanmaq və vətəndaş müharibəsinə yuvarlanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Əgər xalqımız 1993-cü ilin iyununda düşdüyü vəziyyətin ağırlığını obyektiv şəkildə dəyərləndirib tarixi müdriklik göstərməsəydi və Ulu Öndərin hakimiyyətə qayıdışına təkidli tələbi ilə nail olmasaydı, bu gün qürur duyduğumuz, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü və müstəqil Azərbaycan bəlkə də dəf edilməsi artıq mümkün olmayan daha fəlakətli sınaqlarla üzləşməli olacaqdı. Məhz bu reallığa görədir ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını hər il iyunun 15-də Milli Qurtuluş Günü kimi qeyd edir və tarixi Xilaskarının əziz xatirəsini qəlbində yaşadır. Xalqımız Ulu Öndərin xilaskarlıq missiyasına o dərəcədə əmin idi ki, AXC-Müsavat hakimiyyəti ümumxalq inamının qətiyyəti qarşısında geri çəkilməyə və kömək üçün Heydər Əliyevə müraciət etməyə məcbur oldu. Ulu Öndərin tarixi şəxsiyyəti, fitri dövlət idarəçiliyi bacarığı və dünya siyasətindəki müstəsna yeri ilə bağlı bir çox nüfuzlu dövlət və siyasət adamı dəyərləndirmələr edib. Onlardan birini, Türkiyənin sabiq Baz naziri mərhum Bülənd Ecevitin dəyərləndirməsini yada salmaq istərdim: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Ulu Öndərin birinci dəfə müstəqil Azərbaycanın Prezidenti vəzifəsinə seçildiyi gündən-1993-cü ilin 3 oktyabrından artıq 30 il keçir. Bu 30 il müasir Azərbaycan tarixinə xalqımızın böyük oğlu Heydər Əliyevin əvəzolunmaz xilaskarlıq missiyasının təntənəsi kimi həkk olunub. Ulu Öndər taleyinə yazılmış və şəxsi fədakarlığı bahasına həyata keçirdiyi bu bənzərsiz missiyanın Azərbaycanı tarixi Zəfərə qovuşduracağına inandığı üçün vaxtilə belə demişdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Ulu Öndərin tarixi uzaqgörənliyini elə tarix özü təsdiq etdi: Azərbaycanın dövlət müstəqilliyinin qorunması, güclü və müstəqil Azərbaycanın təməlinin qoyulması ilə bağlı şanlı tariximizin altında Ulu Öndərin Xilaskar imzası, tarixi Zəfər salnaməsinin altında isə məhz Heydər Əliyevin siyasi və fiziki varisi Prezident İlham Əliyevin Müzəffər imzası dayanır! İlahi və tarixi ədalətin təcəllisi də elə budur”, – deyə Ü.Quliyev vurğulayıb.