Bu səbəbdən, tarixi Vaşinqton razılaşmalarının ərsəyə gətirilməsi yolunda Azərbaycan Prezidentinin göstərdiyi qətiyyətin və dəf etdiyi təhlükəli maneələrin dərinliyinə nüfuzlu telekanalın varmaq arzusu da başadüşüləndir. Buna görə o da təsadüfi deyil ki, müxbirin ilk suallarından biri Prezident Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Ağ Evdə imzalanmış tarixi sənədləri mümkün edən səbəblərlə, onların arxasında dayanan gerçək siyasi səylərlə bağlı oldu. Prezident İlham Əliyev həm “Əl-Ərəbiyyə” kanalının geniş tamaşaçı auditoriyasının, həm də bütövlükdə dünya birliyinin diqqətinə növbəti dəfə bu həqiqəti çatdırdı: “Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı”.
Bəzi bədxahlarımız etiraf etməsə də, dünya aktorlarının böyük əksəriyyəti artıq razılaşır ki, Azərbaycan istər 44 günlük Vətən müharibəsi, istərsə də birgünlük antiterror əməliyyatı zamanı yalnız beynəlxalq hüquq çərçivəsində hərəkət edib, Ermənistandan fərqli olaraq, etnik təmizləməyə və digər müharibə cinayətlərinə yol verməyib. Bu gerçəkliyi BMT-nin iki səlahiyyətli missiyası da öz rəsmi hesabatlarında təsdiq edir. Buna baxmayaraq, bəzi ölkə və təşkilatlar, xüsusilə tarixən Ermənistana himayədarlıq edən dairələr son beş ildə iyrənc qarayaxma kampaniyası və uydurulmuş rəvayətlərlə ölkəmizə təzyiq göstərməyə, Azərbaycan Prezidentini Ermənistana qarşı haqlı tələblərindən çəkindirməyə çalışırdılar. Lap son günlərə-Vaşinqton razılaşmalarına qədər qəbul etdikləri qərəzli qətnamələrlə və təsir dairələrində olan media resurslarının köməkliyi ilə dünyanı inandırmağa çalışırdılar ki, guya Azərbaycan Ermənistan ərazilərini zəbt etməyə və Zəngəzur dəhlizini hərbi yolla tutmağa hazırlaşır. Avqustun 8-də Ağ Evdə imzalanmış sənədlər bu cür qarayaxmaların, uydurma bəhanələrin üzərindən də xətt çəkdi. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi müsahibədə Azərbaycana iftira atan, siyasətlərini yalan və qərəz üzərində quran məlum dairələrə, o cümlədən kimliyi cəmiyyətimizə yaxşı məlum olan bədxahlarımıza bu cavabı verdi: “Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən-Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən”.
Müxbirin səsləndirdiyi suallar onu da nümayiş etdirdi ki, cəmiyyətimizi düşündürən və hələ də narahat edən bəzi məqamlar nüfuzlu televiziya kanalının da diqqət mərkəzindədir. Ermənistanda revanş hissi ilə yaşayan siyasi kəsimin və bu kəsimi kənardan şirnikləndirən, onları pərdə arxasından idarə edən mərkəzlərin mövcudluğu cəmiyyətimizə məlum olduğu kimi, İslam dünyası üçün də sirr deyil. Həmin mərkəzlərin bu gün də çızdıqları məkrli planın bir məqsədi var: Ermənistanı daxildən qarışdırmaq və revanşçı kəsimin özlərinə bağlı olan nümayəndəsini orada hakimiyyətə gətirmək. Prezident İlham Əliyevin bununla bağlı müxbirin sualına verdiyi cavab həm Ermənistana, həm də revanşistlərin arxasında dayanan dairələrə növbəti xəbərdarlıq mesajıdır: “Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdırdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.
Bu gün hətta bədxahlarımız belə etiraf etmək məcburiyyətindədir ki, Vaşinqton razılaşmaları Prezident İlham Əliyev diplomatiyasının və siyasi qətiyyətinin təntənəsidir. Əvvəla, ona görə ki, bütün dünyanın gözü qarşısında Ağ Evdə paraflanma prosedurundan keçən Sülh Sazişinin mətni Azərbaycan Prezidentinin ilk gündən irəli sürdüyü prinsip və şərtlərə söykənir. İkincisi, Prezident Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında imzalanmış Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi təsbit olunur. Ermənistan hökuməti həmin öhdəliyi imzası ilə təsdiq edir. Prezident İlham Əliyev bu tələbi də müharibə bitdikdən dərhal sonra irəli sürmüşdü və ötən beş ildə Ermənistan rəhbərliyinin çoxsaylı siyasi cığallığına baxmayaraq, Vaşinqtonda onu da Ermənistana qəbul etdirdi. Birgə Bəyannamədə Zəngəzur dəhlizi ABŞ Prezidenti Donald Trampın adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi təsbit olunur. Bu fakt hüquqi-siyasi müstəvidə təsbit olunduqdan sonra onu da görürük ki, Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edən İranın radikal “müşavirləri” eyni ritorikanı davam etdirsələr də, İran Prezidenti və Xarici işlər nazirliyi daha ədalətli və praqmatik mövqe sərgiləyirlər. Rusiya isə artıq kəskin bəyanatlardan qaçır və daha çox susmağa üstünlük verir. Belə bir şəraitdə Prezident İlham Əliyevin müsahibədə Prezident Məsud Pezeşkian haqqında söylədikləri əminəm ki, İranda səmimi və dinc qonşuluq münasibətlərimizin tərəfində olan çoxluğu mənən məmnun edəcək: “Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur… Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandlr. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur… Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq”.
Müxbirin Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı sualı isə ona dəlalət edir ki, şimal qonşumuzun haqsız basqıları və ədalətsiz davranışı qarşısında Azərbaycan Prezidentinin ləyaqətli və qətiyyətli mövqeyi post-sovet ölkələri ilə yanaşı, Ərəb və İslam dünyasının da diqqət mərkəzindədir. Ona görə bu coğrafiyanın informasiya məkanı da Rusiya ilə son səkkiz ayda gərginləşmiş münasibətlərimizin əsl səbəblərini Azərbaycan Liderinin özündən öyrənməyə xüsusi maraq göstərir. Prezident İlham Əliyev, elə bu səbəbdən, “Əl-Ərəbiyyə” kanalı vasitəsilə İslam dünyasının diqqətinə bir daha çatdırdı ki, münasibətlərin gərginləşməsi sərnişin təyyarəmizin Rusiya tərəfindən vurulmasından və Rusiya rəsmilərinin bu cinayətə beynəlxalq hüquqa və ədalətə sığmayan münasibət sərgiləməsindən sonra başlayıb. Hadisə yerindən çəkilən videogörüntülərə, təyyarənin gövdəsində aşkar olunan qəlpə izlərinə, qəlpələrdən xəsarətalma faktlarına baxmayaraq, Rusiya bugünədək nə üzr istəyib, nə cinayətkarları cəzalandırıb, nə də kompensasiya ödəyib. Halbuki, bütün bunlar sivil dövlətin beynəlxalq hüquq və konvensiyalardan irəli gələn birbaşa öhdəliyidir. Prezidentimiz onu da xatırlatdı ki, müharibənin sonuncu günündə, 2020-ci il noyabrın 9-da Azərbaycan Ermənistan ərazisindən sərhədimizə yaxınlaşan rus helikopterini təsadüfən vurmuşdu. Əslində, müharibə şəraitində düşmən ərazisindən uçan hərbi hədəfin vurulması legitim də hesab oluna bilərdi. Çünki Prezidentin qeyd etdiyi kimi, “30 il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı”. Buna baxmayaraq, Azərbaycan həm üzrxahlıq etdi, həm kompensasiyanı ödədi, həm də səhvə yol verənləri cəzalandırdı. Rusiya isə hərbi yox, mülki sərnişin təyyarəsini vurduğu halda, beynəlxalq hüquqa da, bərabərhüquqlu və səmimi qonşuluq münasibətlərinə də yuxarıdan aşağı baxmağa davam edir. Üstəlik, Rusiyada yaşayan soydaşlarımıza və Azərbaycan vətəndaşlarına qarşı davam edən təqiblər, Yekaterinburqda işgəncə nəticəsində iki azərbaycanlının qətlə yetirilməsi münasibətlərimizə təsir etməyə bilməzdi. Üzrxahlıq etmək əvəzinə, Rusiyanın informasiya məkanında rəsmi və qeyri-rəsmi şəxlər anti-Azərbaycan təbliğatını günü-gündən gücləndirir, təhqir və şantaj ritorikası ilə xalqlarımız arasına nifaq toxumu səpməklə sanki idarə olunan bir prosesdə daha çox siyasi xal və ya nələrisə qazanmağa çalışırlar. Şimal qonşumuzun hüquq ictimaiyyəti və bəzi ziyalıları unudur ki, dünya xalqları və millətləri arasında “ali və hegemonluq” sindromu tarixən yalnız faciələrə səbəb olduğu kimi, cinayətlərin təsnifatı da milli və etnik mənsubiyyət əsasında aparıla bilməz. Çox inanmaq istərdim ki, Prezident İlham Əliyevin növbəti mesajı Rusiya ictimaiyyətini daha dərindən düşünməyə, münasibətlərimizin gərginləşməsi üçün xüsusi canfəşanlıq edən oradakı bəzi səlahiyyət sahiblərini isə mənasız ambisiyalara son qoymağa sövq edəcək: “Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə çavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.
Bir neçə gün əvvəl Prezidentin əzəli sahibləri ilə yenidən məskunlaşdırılan Kəlbəcərdə qeyd etdiyi kimi, son 80 ildə Azərbaycan yeganə ölkədir ki, həm işğalçı, həm də kənardan dəstəklənən separatçı xunta rejimi üzərində tam və mütləq Qələbə qazanıb. Azərbaycan bununla işğalçılıqdan və separatçılıqdan bu gün də əziyyət çəkən digər xalqlara ümid və Zəfərin düsturunu verib. Yaxın Şərqdə münaqişə ocaqlarının alovlandığı, bir çoxunda separatçılıq kimi təhlükəli meylin əsas rol oynadığı bir şəraitdə “Əl-Ərəbiyyə” kanalının Suriyanın bütövlüyü məsələsinə Azərbaycan Prezidentinin münasibətini öyrənmək istəyi də çox təbiidir. Prezident İlham Əliyevin istər Suriyanın, istərsə də Ukraynanın ərazi bütövlüyü ilə bağlı ardıcıl və qətiyyətli mövqeyi, heç şübhəsiz ki, bir çox liderlər üçün ləyaqət və qətiyyət nümunəsidir: “Yenə də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı müzakirə etdiklərimizə qayıdaraq deyim ki, biz Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəklədik və dəstəkləməyə davam edirik. Əlbəttə ki, Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir… Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq-istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun”.
Prezident bu açıqlaması ilə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, beynəlxalq hüququn icrasına selektiv yanaşma aradan qaldırılmadan, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə gerçək və təminatlı hörmət təmin olunmadan, təhlükəsiz dünya nizamı ciddi təhdidlər altında qalacaq. Türkiyə-İsrail əlaqələrinin hazırkı vəziyyəti və münasibətlərin normallaşmasında Azərbaycanın oynadığı rolla bağlı Prezident İlham Əliyevin müsahibədə verdiyi açıqlamalar səmimiliyi və birmənalılığı ilə diqqət çəkir: “Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib… Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq”.
Prezidentin bu diplomatik mesajından, əslində, aydın olur ki, hələ də ictimailəşdirilməyən belə səylər indinin özündə də olmamış deyil. Çünki normallaşma naminə üçüncü tərəfin göstərdiyi siyasi səylər zamanı qabaqlamağı qəbul etmir və yalnız sakit diplomatiyanı sevir. Eynilə, Azərbaycan Prezidentinin müharibə bitdikdən dərhal sonra beynəlxalq hüququn beş təməl prinsipi əsasında irəli sürdüyü və yalnız avqustun 8-də Ağ Evdə paraflanmadan keçdikdən sonra ictimailəşdirilən Sülh Sazişinin mətni kimi.
Bu gün beynəlxalq münasibətlərin əksər aktorları etiraf edir ki, Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin, faktiki sanksiya qərarının qüvvəsinin dayandırılmasına, Minsk qrupunun ləğvinə, şəxsən özünün irəli sürdüyü prinsiplər əsasında Sülh Sazişi mətninin paraflanmasına nail olmaqla Azərbaycan diplomatiyasının tarixində yeni tarixi mərhələnin əsasını qoyub. Bu həm də o deməkdir ki, Azərbaycan savaş meydanında qazandığı tarixi Zəfərin bənzərsiz nəticələrinin siyasi-hüquqi müstəvidə də təsbit edilməsinə nail ola bilib. Onu da unutmamalıyıq ki, ABŞ-nin keçmiş Bayden administrasiyası dövründə Azərbaycan haqlı tələblərindən geri çəkilmədiyi üçün, ölkəmizə qarşı 907-ci düzəlişin qüvvəsi bərpa edilmişdi. Bu, Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda ölkəmizin media nümayəndələrinə verdiyi müsahibədə qeyd etdiyi kimi, əslində o demək idi ki, “Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi”. Təsəvvür edin, faktiki sanksiya və məhdudiyyət siyasəti işğalçılığı həyata keçirən, separatçılığın arxasında dayanan Ermənistana və havadarlarına qarşı tətbiq olunmaq əvəzinə, riyakarcasına yenidən Azərbaycana qarşı tətbiq edildi. Lakin atalar misallarımızın birində deyildiyi kimi, haqq nazilsə də, üzülməz. Haqqımızın üzülməməsinin əsas səbəbi isə xalqımızın monolitliyi və onun tərəddüdsüz etimad göstərdiyi Liderinin siyasi qətiyyətidir. Bir neçə gün əvvəl, Bayden administarsiyası dövründə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini tutmuş Ceyms O’braynın nüfuzlu media nəşrlərindən birinə verdiyi açıqlamalar olduqca maraqlı və diqqətçəkəndir. O, etiraf edir ki, “Co Bayden administrasiyası ABŞ-nin erməni icmasının narazılığından ehtiyat edərək, sülh prosesindən məsafə saxlamağa çalışırdı. Hesab edirdi ki, Azərbaycanın xeyrinə edilən istənilən güzəşt həmin dairələr tərəfindən başa düşülməyəcək”.
Bu etirafın özü də bir daha sübut edir ki, Prezident İlham Əliyev milli və dövlət maraqlarımızın qorunması naminə hətta Bayden administrasiyasının ədalətsiz, qərəzli və ermənipərəst mövqeyi qarşısında hansı təzyiqləri dəf etməli olub. Azərbaycan Prezidenti cənab Donald Tramp kimi güclü siyasi liderin şahidliyi ilə Vaşinqtonda tarixi razılaşmaların imzalanmasına nail olmaqla əvvəlki administrasiyanın ədalətsiz mövqeyinin üzərindən də xətt çəkə bildi. Şübhəsiz ki, bütün bunların əldə olunmasında Prezident Donald Trampın siyasi cəsarəti, sülh və ədalət naminə səmimi əzmkarlığı cəmiyyətimizdə yalnız rəğbət hissi doğurur. Prezident İlham Əliyevin ABŞ Prezidentinin şəxsiyyətinə verdiyi qiymət həm də xalqımızın mövqeyini əks etdirir: “Əminəm ki, o, nəinki Amerikanı yenidən qüdrətli edəcək bir insandır, o, Amerikanın rifah, azadlıq və inkişafın rəmzi olduğu bütün dövrlərdəki kimi, ölkəni yenidən insanların heyran olduğu yerə çevirəcək. Altı ay ərzində bu qədər məkana sülh gətirməyi bacarırsa, əminəm ki, bunu edəcək… O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır”.
Bu gün o da danılmaz həqiqətdir ki, məzhəbçilik və bu əsasda süni şəkildə yaradılan qarşıdurma İslam dünyasının birliyinə ciddi əngəldir. Bəzi güc mərkəzləri Türk dövlətlərinin bir-birinə yaxınlaşmasının və istisnasız bütün sahələrdə birləşməsinin qarşısını almaq üçün məhz bu amildən hiyləgərcəsinə istifadə edirlər. Hörmətli Rəcəb Tayyib Ərdoğanın Prezidentliyinə qədər qardaş Türkiyənin xarici amillərdən nə qədər asılı olduğu cəmiyyətimizə yaxşı məlumdur. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsində İslam dünyasına verdiyi ən mühüm mesajlardan biri də elə bununla bağlıdır: “Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq əksəriyyətinin siyasi dairələrində, -mənim prezidentlər arasında bir çox əlaqələrim var, -hamı başa düşür ki, müsəlmanlar həmrəy olmalıdırlar və məzhəblərə bölünmə bizim birliyimiz üçün təhlükədir… Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi… Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək”.
Ülvi Quliyev
Milli Məclisin deputatı