image-1backend

Türkiyə Cümhuriyyəti əbədi yaşayacaqdır, çünki …

image-reklam_sirab_01

101 yaşlı bir gənc – Türkiyə Cümhuriyyəti. Təxminən iki əsr boyu müharibələrdən və məğlubiyyətlərdən başını qaldıra bilməyən bir xalqın əvvəl müstəqilliyini, sonra suverenliyini qazanmasından qısaca bəhs edirik. Sözlərimizə “Türkiyə Cümhuriyyəti əbədi yaşayacaqdır, çünki..” deyərək başlayırıq.

Birinci Dünya Müharibəsində dövrün böyük gücü Böyük Britaniya qarşısında Çanaqqala və Kut döyüşlərində qələbə qazansa da, müharibəni uduzan Osmanlı dövləti faktiki olaraq dağılır. Hökumətin imzaladığı Sevr müqaviləsi isə türklərin min illik yurdunda kölə halına gəlməsi deməkdir. Lakin yaxşı yetişmiş bir qrup hərbçi və mülki ziyalının Mustafa Kamal Paşa rəhbərliyi altında bir araya gəlməsi bu oyunu pozacaq, hətta məğlubedilməz sayılan müstəmləkəçi güclər Qurtuluş Savaşından sonra bir-bir müstəmləkələrini itirəcəkdir.

Qurtuluş müharibəsi ilk gündən etibarən milli suverenlik prinsipi çərçivəsində aparılacaqdır. Bu məsələdə ən böyük pay, şübhəsiz Mustafa Kamal Paşaya aiddir. “Millətin müstəqilliyini yenə millətin əzmi və iradəsi xilas edəcəkdir” prinsipi təkcə suverenliyi qazanmağı deyil, sonra da idarəetmədə kimin söz sahibi olacağını duyurması mənasını daşıyır. Bu istiqamətdə atılan ilk addım Ərzurum və Sivas konqreslərinin toplanmasıdır. Mustafa Kamal Paşa daha ilk gündən etibarən müstəqillik hərəkatını bütün millətin ortaq malı sayacaq, alınacaq hər qərarda millət nümayəndələrinin söz sahibi olmasını təmin edəcəkdir. Nəhayət, tarixlər 23 aprel 1920-ni göstərdiyində Türkiyə Böyük Millət Məclisi açılacaq və müstəqillik mübarizəsi bu məclis tərəfindən idarə olunacaqdır.

30 avqust 1922-ci il zəfərindən sonra növbə Türkiyə dövlətinin müstəqilliyini və suverenlik hüquqlarını qanuni müstəvidə təsdiqləməyə gəlib çatır. Anadolunu silahla ala bilməyən Birinci Dünya Müharibəsinin “qalib dövlətləri” mütləq qələbə qazanmış türk millətini danışıqlar masasında güzəştə məcbur etmək niyyətindədir. Bu məqsədlə İsveçrənin Lozanna şəhərində təşkil ediləcək sülh danışıqlarına Qurtuluş Müharibəsini idarə edən Türkiyə Böyük Millət Məclisi hökuməti ilə yanaşı, faktiki mövcud olmayan İstanbul hökumətini də çağıracaqlar. İttifaq dövlətlərinin bu addımına cavab olaraq parlament 1 noyabr 1922-ci ildə səltənəti ləğv edərək Osmanlı dövlətinin mövcudluğunun rəsmi olaraq sona çatdığını dünyaya elan edəcəklər.

Türk heyətinin başçısı İsmət Paşanın sədrlik etdiyi Lozanna Konfransı 24 iyul 1923-cü ildə sülh müqaviləsinin imzalanması ilə sona çatır. Hərbi zəfərin ardınca qazanılan bu diplomatik uğurla Türkiyə artıq beynəlxalq arenada layiq olduğu nüfuzu qazanan müstəqil bir dövlətə çevrilir. Geri qalan isə faktiki olaraq fəaliyyət göstərən bu rejimin adını müəyyən etmək idi. 28 oktyabr 1923 axşamında Qazi Mustafa Kamal Atatürk, aralarında İsmət İnönü, Əli Fuad Cəbəsoy və Kazım Karabekir kimi adların də yer aldığı bir ziyafətdə məşhur “Bəylər, sabah Cümhuriyyəti elan edəcəyik” cümləsini söyləyir. Ertəsi gün Türkiyə Böyük Millət Məclisinə təqdim edilən təklif böyük coşqu ilə qəbul edilərək Türkiyə Cumhuriyyəti rəsmi olaraq dünyaya bəyan edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki