Vl Zirvə Toplantısı
Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində regionun maraq və mənafeyini qətiyyətlə müdafiə edən lokomotiv dövlətə çevrilmişdir. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını artırmaqdadır. Ölkəmizin zəngin təbii ehtiyatları respublikamızın daha da qüdrətlənməsi və əhalinin rifahının yüksəlməsi üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.
Çox illik iş nəticəsində Xəzərin hüquqi statusunu müəyyən edən Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.
Qarşılıqlı fəaliyyətin önəmli meyarını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərinin suverənliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Bu sahədə Xəzər dənizi strateji əhəmiyyətə malikdir. Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm əhəmiyyəti var. Bununla yanaşı həm də nəqliyyat infrastukturunun inkişafı etdirilməsi, nəqliyyat xidmətlərinin və multimidol daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm hissəsini təşkil edir.
Bildiyimiz kimi Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir, çünki ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.
Müşahidələrə əsasən demək olar ki, Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır və bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub. Zəngəzur dəhlizinin inşası isə artıq bir reallıqdır. Zəngəzurun yenidən qurulması və bərpası, cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməyə başlanıb. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.
İsmayılova Aygün / Nəsimi rayon sakini