image-dbcbb0a9-d136-4665-bde5-cea733c36794backend

20 oktyabr- Zəngilan şəhərində tarixi bir gün

image-reklam_sirab_01

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Həmin zaman kəsiyində əhalinin vəziyyəti heç də yaxşı deyildi, çünki şəhər Qubadlı və Cəbrayıl tərəfdən mühasirəyə alınmışdı, ikinci  Xocalı faciəsinin yaşanmaması üçün insanlar məcbur idi ki şəhəri tərk etsin. Tək çıxış yolu isə Araz çayı vasitəsilə İrana keçmək idi.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Bu abidələr erməni işğalından sonra, demək olar ki, tamamilə bərbad vəziyyətə düşmüşdür.Rayonun ermənilərin mədəni terroruna məruz qalmış tarixi-dini abidələri sırasında məscidlər və ziyarətgahlar İmam Hüseyn məscidi (XVII əsr, Zəngilan şəhəri), Zəngilan məscidi (XIX əsr), Malatkeşin məscidi (XIX əsr), Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidləri (XIX əsr), Xanazor, Yeməzli alban kilsələrini – (Yeməzli kəndi), Ziya Baba ocağı (Ağkənd), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi), Günqışlaq piri, Hacıllı günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis piri, Seyid Musa ocağı (Sobu kəndi), Qaradağlı piri (Şəfibəyli kəndi), Yal piri (Vejnəli kəndi), Soltan ocağı (Yeməzli kəndi) tamamilə dağıdılıb. Qeyd edək ki, Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Amma cənab Prezidentin dediyi kimi, dağıdılmış bu abidələr, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək öz əvvəki görkəminə qaytarılacaq. “Ağıllı kənd” pilot layihəsi də burada salındı, hazırda ağıllı texnologiyalar tətbiq olunur, rayonda alternativ enerji mənbələrindən istifadə olunacaq. İnanırıq ki, yaradılmış bu imkanlar sayəsində Zəngilan ölkəmizin ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Buna rayonun təbii sərvətləri, bir sıra faydalı filiz yataqları da əlverişli şərait yaradacaq.Təkcə Zəngilan rayonuna deyil, işğaldan azad olunmuş digər ərazilərə dövlət qayğısı sayəsində tezliklə 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan, xarabalığa çevrilən bütün yaşayış məntəqələrimizi yenidən dirçələcək.

44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir.

Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparılmış və ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başlamışdır. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə şəhəri azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdir. Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisadi əhəmiyyəti vardır.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb.

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 km2, əhalisi 45473 nəfərdir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistan Mehri və Qafan rayonları ilə həmsərhəddir. Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb parçalanmış səth quruluşuna malikdir. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı vardır. Rayon ərazisindən 4 çay keçir. Araz, Oxçuçay, Həkəri, Bəsitçay.

Ərazidə 21 dəmir yol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır.

Zəngilanın Bəsitçay hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn təbii Çinar meşəsi sahəsinə görə planetdə II, Avropada I olan dünyaşöhrətli füsunkar bir məkan idi. Təəssüflər olsun ki, işğal dövründə Erməni vandalları Çinar meşəsini qıraraq məhv etmişdir.

Zəngilan rayonu XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış ərazi bütövlüyünə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe olunub.

1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən 1 şəhər, 5 qəsəbə, 83 kənddən ibarət idi. Rayon ərazisində Azərbaycanın qədim tarixini əks etdirən yüzlərlə tarixi, dini abidələr, ziyarətgahlar, tarixi memarlıq abidələri var idi. Tarixi adidələrdən-İmam Hüseyn məscidi, Qırıq Muşla kəndindəki Məscid, Rəzdərə kəndi, Alban kilsəsi Xanazor və Yeməzli kəndindəki abidələr tamamilə dağıdılmışdır. Zəngilan rayonu ərazisində çox qiymətli faydalı qazıntılar var. Burada Vejnəli qızıl yatağı, əhəng xammalı qiymətli xanmaldır.

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunu işğaldan azad etdi. Bu zaman işğal altında qalmış 132 km sərhəd bərpa edildi.

2021-ci iliyulun 7-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda 14 iqtisadi rayonlaşma aparılması haqqında əmr verdi. Zəngilan Şərqi Zəngəzur İqtisadi rayonun tərkibinə daxil oldu. Bundan dərhal sonra ‘’Böyük Qayıdış’’ layihəsi həyata keçirildi. Bərpa-quruculuq işləri sürətlə davam etdi. Birinci pilot layihəsi Ağalı ağıllı kənd layihəsi idi.

Şərqi Zəngəzuru ‘’yaşıl enerji’’ zonasına çevrilməsi prosesində bu rayonun böyük rolu var. Orada günəş enerjisinin böyük potensialı var.

Zəngilanı Naxçıvandan ayıran ərazinin cəmi 40 km-i Zəngəzur dəhlizidir. Dəhlizin açılması Naxçıvan və Türkiyə ilə birləşmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan ərazisində işğaldan sonra ilk dəfə 23.12.2020-ci ildə olub. O, Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Önəmli işlərdən biri də Zəngilanda Hava limanının tikilməsidir. Beynəlxalq status alan Hava limanının bu günlərdə açılışı olacaq.

İşğaldan azad olunan torpaqlara və xalqa göstərilən bu xidmətə görə Ali Baş Komandana dərin təşəkkür bildiririk.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! QARABAĞ AZƏRBAYCANDIR.!

 

 

 

Nəsibə Qurbanova

Suraxanı rayonu R.Abidov adına 85 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki