Beynəlxalq İstedad Mübadiləsi konfransında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyi Çinin Şiciaguanq şəhərində Hebey Sosial Elmlər Akademiyasının prezidenti professor Lü Sinbin ilə görüşüb.
Çin və Azərbaycanın dövlət başçılarının birgə diqqəti sayəsində iki ökə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndiyini deyən Hebey Sosial Elmlər Akademiyasının prezidenti professor Lü Sinbin Azərbaycanın Çinin “Kəmər və yol” layihəsini beynəlxalq miqyasda ilk dəstəkləyən ölkələrdən biri olduğunu xüsusi vurğulayıb. Son illərdə elm sahəsində də əlaqələrin inkişaf etməkdə olduğunu diqqətə çatdıran professor Lü Sinbin rəhbərlik etdiyi Hebey Sosial Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2024-cü ildə imzalanmış anlaşma memorandumunun müddəalarına uyğun olaraq müxtəlif elmi istiqamətlər üzrə əməkdaşlığın genişləndiyini bildirib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə çıxışında Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi ilə bütün istiqamətlər üzrə yaranmış əlaqələrin elm sahəsində də davam etdirildiyini bildirib. AMEA ilə Hebey Sosial Elmlər Akademiyası arasında elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayan akademik İsa Həbibbəyli nəzərdə tutulmuş yeni layihələr haqqında məlumatları da müzakirə üçün diqqətə çatdırıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda icrasına başlanan “Azərbaycan ədəbiyyatında Çin mövzusu” layihəsi barədə məlumat verən akademik İsa Həbibbəyli “Kəmər və yol” təşəbbüsü çərçivəsində elm və mədəniyyətlərin dialoqu” mövzusu üzrə də müştərək araşdırmalara başlamağı təklif edərək iki elmi qurum arasında bundan sonra da əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətli olacağını bildirib.
Akademik İsa Həbibbəyli Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Çin motivləri əsasında çəkilmiş rəsm əsərini professor Lü Sinbinə hədiyyə edib.
Sonda qarşılıqlı olaraq yeni çap edilmiş elmi nəşrlər və xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Hebey Sosial Elmlər Akademiyasının rəhbər heyəti ilə yanaşı, Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Hebey Pedaqoji Universitetinin Beynəlxalq Mədəni Mübadilə Fakültəsinin dekanı, eyni zamanda Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Asosisasiyanın prezidenti tarix elmləri doktoru, professor Çi Siaoyən və başqaları iştirak ediblər.



























