image-reklam-veteninfo
image-1backend

Forbes: Rusiya NATO ilə mümkün müharibəyə hazırlaşır

image-reklam-veteninfo

Rusiya pilotsuz uçuş aparatları (PUA) sahəsində imkanlarını genişləndirərək NATO ilə mümkün genişmiqyaslı qarşıdurmaya hazırlıq istiqamətində fəaliyyətini artırır. Bu barədə Forbes nəşri Rusiya üzrə PUA eksperti, CNA və CNAS analitik mərkəzlərinin məsləhətçisi Samuel Bendettə istinadən məlumat yayıb.

Məlumata görə, bu ilin avqustunda Rusiyada keçiriləcək ənənəvi “Dronnitsa” forumunun əsas mövzusu “NATO ilə böyük müharibəyə hazırlıq” olacaq. Beşinci dəfə təşkil ediləcək tədbirdə pilotsuz uçuş aparatlarının operatorları, hərbçilər və istehsalçılar bir araya gələrək yeni texnologiyaları nümayiş etdirəcək, müasir döyüş taktikasını və PUA-ların tətbiqi imkanlarını müzakirə edəcəklər.

Samuel Bendett bildirib ki, forumun proqramı açıq şəkildə NATO ilə potensial münaqişəyə hazırlıq mövzusuna həsr olunub. Onun sözlərinə görə, təşkilatçılar iştirakçıları belə bir ssenari üçün yeni ideya, texnologiya və həllər təqdim etməyə çağırırlar.

Ekspert hesab edir ki, söhbət siyasi bəyanatlardan və ya təbliğatdan deyil, müharibə təcrübəsinin təhlil olunduğu, yeni texnoloji həllərin hazırlandığı və mümkün rəqibin taktikasının öyrənildiyi peşəkar platformadan gedir.

Forbes yazır ki, Moskvanın bu istiqamətə xüsusi diqqət ayırmasının səbəblərindən biri Ukraynada müharibənin Kremlin gözlədiyi sürətlə nəticələnməməsidir. Nəşrin fikrincə, Rusiya rəhbərliyi gələcək hərbi əməliyyatlarda texnoloji üstünlük əldə etməyə çalışır.

Məqalədə Baltikyanı ölkələr istiqamətində hərbi hazırlıq məsələsinə də toxunulur. Bendettin sözlərinə görə, Rusiya son aylarda regiona yaxın ərazilərdə 100 mindən çox hərbçinin yerləşdirilə biləcəyi yeni hərbi infrastruktur formalaşdırır. Bununla belə, ekspert bunun yaxın zamanda hücumun qaçılmaz olduğu anlamına gəlmədiyini, lakin belə ssenarinin nəzərdən keçirildiyini bildirib.

Nəşr həmçinin ABŞ və İran arasında yaşanan qarşıdurmadan çıxarılan hərbi nəticələrə diqqət çəkir. Qeyd olunur ki, pilotsuz uçuş aparatlarının kütləvi istifadəsi müasir müharibələrdə onların strateji əhəmiyyətini bir daha nümayiş etdirib.

Məqalədə vurğulanır ki, Rusiya artıq geniş sayda “Şahed” tipli kamikadze dronlarına və müxtəlif təyinatlı FPV pilotsuz uçuş aparatlarına malikdir. Bu vasitələrin gələcək hərbi əməliyyatlarda əsas rol oynaya biləcəyi bildirilir.

Samuel Bendett əlavə edib ki, forumun mövzusu Rusiya hakimiyyətinin NATO-nun guya Rusiyaya qarşı müharibəyə hazırlaşdığı barədə səsləndirdiyi iddialarla da əlaqəli ola bilər. Onun fikrincə, təşkilatçılar bu mövqeni əsas götürərək ölkənin mümkün qarşıdurmaya hazır olmasının vacibliyini ön plana çıxarırlar.

Forum çərçivəsində Qərb istehsalı olan zirehli texnikaya, hava hücumundan müdafiə sistemlərinə və hərbi aerodromlara qarşı yeni PUA taktikasının, eləcə də Rusiya müdafiə sənayesinin hazırladığı son texnoloji yeniliklərin təqdim olunacağı gözlənilir.

Forbes sonda qeyd edir ki, NATO ölkələri Rusiyanın pilotsuz uçuş aparatları sahəsində inkişafını diqqətlə izləməli, öz PUA imkanlarını gücləndirməli və kollektiv müdafiə potensialını artırmalıdır.

Xatırladaq ki, bundan əvvəl Çexiyanın keçmiş milli təhlükəsizlik müşaviri Tomaş Pojar Rusiyanın gələcəkdə Baltikyanı və ya Skandinaviya ölkələrindən birinə qarşı hərbi əməliyyat başlada biləcəyi ehtimalını səsləndirmişdi. Almaniya Silahlı Qüvvələrinin Baş Müfəttişi Karsten Breuer isə Rusiyanın NATO ilə mümkün qarşıdurmasının 2029-cu ildə və ya daha əvvəl baş verə biləcəyini istisna etməmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki