Hər şey İyul hadisələrindən başladı. Həmin günlər Azərbaycan xalqı çox ağır və unudulmaz bir sınaq ilə üz-üzə qaldı. Vətənimizin müdafiəsi uğrunda xidmət edən ən dəyərli zabit,gizirlərin bir neçəsi və generalımız şəhidlik zirvəsinə ucaldı. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onlarla birlikdə canlarını Vətənə fəda edən igid hərbçilərimizin şəhidliyi bütün Azərbaycanı dərin hüznə qərq etdi. Bu itki hər bir azərbaycanlının ürəyində sağalmaz bir yara açdı. Lakin eyni zamanda, onların qəhrəmanlığı xalqımızın milli ruhunu daha da gücləndirdi, Vətən sevgisini alovlandırdı və hər kəsə bir daha göstərdi ki, torpaq uğrunda canından keçən qəhrəmanlarımızın yolu heç vaxt yarımçıq qalmayacaq.
Polad Həşimov təkcə peşəkar bir general deyildi. O, əsgərləri ilə çiyin-çiyinə döyüşən, ön xətdə xidmət etməyi özünə şərəf bilən, cəsarəti, sadəliyi və vətənpərvərliyi ilə hər kəsin hörmətini qazanan bir sərkərdə idi. Onun şəhid olması xalqın qəlbində böyük bir ağrı yaratdı, lakin bu ağrı ümidsizliyə deyil, birliyə və qətiyyətə çevrildi. Minlərlə insan küçələrə çıxaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb etdi, şəhidlərimizin qanının yerdə qalmayacağını bəyan etdi və Qarabağın azad olunmasının artıq tarixi zərurət olduğunu bütün dünyaya nümayiş etdirdi.
İyul hadisələrindən sonra Azərbaycan xalqı əvvəlkindən daha sıx birləşdi. Cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında bir araya gəldi. Hər kəs anlayırdı ki, Vətənin taleyi sözlə deyil, birlik, qətiyyət və fədakarlıqla yazılır. Azərbaycan Ordusu hazırlığını davam etdirərək öz gücünü daha da artırdı. Nəhayət, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ordumuz misilsiz şücaət nümayiş etdirdi. 44 gün ərzində qəhrəman əsgər və zabitlərimiz böyük rəşadət göstərərək düşmənə sarsıdıcı zərbələr endirdilər və uzun illər işğal altında qalan torpaqlarımızın böyük hissəsini azad etdilər. Bu Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi.
Polad Həşimovun şəhidliyi xalqın milli oyanışının, sarsılmaz birliyinin və Vətən uğrunda qətiyyətinin simvollarından biri kimi tarixə həkk olundu. Onun adı bu gün də gənclərə vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsi kimi göstərilir. O və bütün şəhidlərimiz bizə öyrətdilər ki, Vətən sevgisi ən ali dəyərdir və bu müqəddəs torpaq uğrunda canından keçən insanlar heç vaxt unudulmur.
Biz fəxr etməliyik ki, Azərbaycan xalqı hər zaman qəhrəman oğullar və qızlar yetişdirib, bundan sonra da yetişdirəcək. Şəhidlərimizin əziz xatirəsini daim uca tutmalı, qazilərimizin göstərdiyi şücaəti yüksək qiymətləndirməliyik. Onlara olan ehtiramımız yalnız sözlərdə deyil, əməllərimizdə, milli birliyimizi qorumaqda, dövlətimizə və Vətənimizə sədaqətlə xidmət etməkdə öz əksini tapmalıdır. Çünki bugünkü azadlığımız şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına qazanılıb.
Allah Polad Həşimovun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə möhkəm can sağlığı versin, Vətənimizin keşiyində dayanan bütün hərbçilərimizi qorusun. Vətənimiz daim var olsun, xalqımız birlik və həmrəylik içində yaşasın, dövlətimiz hər zaman güclü olsun. Uca bayrağımız əbədi dalğalansın, müstəqilliyimiz və azadlığımız sonsuza qədər yaşasın. Amin.
“İnkişafa və islahatlara dəstək”İctimai Birliyin sədri
Ramil Əliyev


























