ABŞ Dövlət Departamentinin turizm və ya iş məqsədilə ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni sürətləndirilmiş viza xidməti üzərində çalışdığı bildirilir.
Associated Press (AP) agentliyinin əldə etdiyi sənədlərə əsasən, hazırlanan pilot proqram çərçivəsində müraciət edən şəxslər mövcud 185 dollarlıq viza rüsumundan əlavə 750 dollar ödəməklə daha qısa müddətdə müsahibə görüşü əldə edə biləcəklər.
Vətəninfo.az xəbər verir ki, proqramın 1 iyul – 31 dekabr tarixləri arasında sınaq mərhələsində tətbiq edilməsi planlaşdırılır. ABŞ rəsmilərinin fikrincə, bu addım son dövrlərdə viza prosedurlarının sərtləşdirilməsi nəticəsində yaranan gecikmələrin aradan qaldırılmasına kömək edə bilər.
Qeyd olunur ki, Tramp administrasiyasının tətbiq etdiyi yeni qaydalar çərçivəsində bəzi ölkələrin vətəndaşlarından yüksək məbləğdə depozit tələb olunur, həmçinin müraciət edənlərdən sosial media hesabları da daxil olmaqla şəxsi məlumatlarını təqdim etmələri istənilir.
Yeni tələblər bir sıra ölkələrdə viza müraciətlərinin baxılma müddətinin uzanmasına səbəb olub. Bəzi hallarda müsahibə üçün gözləmə müddəti aylarla davam edir.
Rəsmilər vurğulayırlar ki, əlavə 750 dollarlıq ödəniş viza almağa zəmanət vermir. Bu xidmət yalnız müraciət sahibinə daha tez müsahibə tarixi əldə etmək imkanı yaradacaq.
Sürətləndirilmiş xidmətin hansı səfirlik və konsulluqlarda tətbiq olunacağı proqram qüvvəyə minməzdən əvvəl açıqlanacaq. Pilot layihənin ilin sonuna qədər davam etməsi nəzərdə tutulsa da, tələbat yüksək olacağı təqdirdə onun müddətinin uzadılması istisna edilmir.


























