image-reklam-veteninfo
image-1backend

QARANLIQ OTAQDA İŞLƏYƏN PREZİDENT, “SƏSSIZ MÜHARIBƏ”… – İran qışdan sağ çıxa biləcəkmi?

image-reklam-veteninfo

Ağır bombardmandan “sağ çıxan” və hələ də müqavimətini davam etdirən İran ABŞ ilə müharibədən daha çətin olan iqtisadi böhran təhlükəsi ilə üz-üzədir. Prezident Məsud Pezeşkian da bəyan edib ki, ölkəni daha çətin vəziyyət gözləyir. Onun bu açıqlaması ABŞ-ın iqtisadi blokadası qarşısında tab gətirəcəkləri deyən hərbi-siyasi qanadda tənqidlə qarşılansa da, rəqəmlər real mənzərəni göstərir.

İran iqtisadiyyatının “şah damarı” kəsilir

Uzun illər sanksiyalar altında yaşayan İran üçün iqtisadi çətinlik gündəlik həyatın bir hissəsinə çevrilsə də, müharibədən sonra vəziyyət kritik hal alıb. Mart ayından etibarən başlayan iqtisadi geriləmə ilə bağlı statistika bunu deməyə əsas verir. İran Mərkəzi Bankının nəznində fəaliyyət göstərən “Pul və Bank Tədqiqatları İnstitutu”nun mart-sentyabr aylarını əhatə edən hesablamalarına görə, ölkə iqtisadiyyatı geriləmə zonasından çıxa bilməyib: mart ayında mənfi 9,5 faiz, aprel ayında mənfi 13,8 faiz, may ayında mənfi 12,1 faiz, iyun və iyul aylarında mənfi 5,6 faiz, avqust-sentyabr aylarında isə mənfi 5,2 faiz göstərici qeydə alınıb.

Geriləmə bütün sahələr üzrə qeydə alınsa da, əsas problem İran iqtisadiyyatının sütununu təşkil edən neft sektorunda baş verib. Statistik hesablamalara görə, bu sektorda mart ayında mənfi 2,7 faiz, aprel ayında mənfi 20,2 faiz, may ayında isə mənfi 17,6 faiz təşkil edib. İyun ayında geriləmənin səngidiyi müşahidə edilib. Buna səbəb ABŞ və İran arasında İslamabad danışıqlarında əldə olunan razılaşmanın olması idi. Həmin vaxt geriləmə 10 faiz səviyyəsində qeydə alınıb. Lakin qısa müddət ərzində razılaşmanın pozulmasında sonra neft sektorundakı geriləmə avqustda 25,1 faiz, sentyabrda 31,7 faizə çatıb.

ABŞ Enerji İnformasiya Administrasiyasının və OPEC-in məlumatlarına görə, bu ilin sentyabr ayında İranın xam neft hasilatə ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalıb. Neft hasilatının azalması valyuta gəlirlərinin azalması deməkdir ki, bu da idxaldan tutmuş əhalinin sosial ödənişlərinə qədər hər şeyə mənfi təsir edir.

Neft sektoru ilə yanaşı, sənayedə də iqtisadi fəallığın kəskin azalması qeydə alınıb. İlin ilk üç ayında mənfi 30 faiz, sonrakı aylarda isə 10 faizdən çox azalma qeydə alınıb. Xüsusilə metallurgiya və avtomobil sənayesində istehsalın azalması sənaye sektorundakı tənəzzülün əsas göstəricilərindən hesab olunub.

İşsizlik, inflyasiya və yağışın ümidinə qalan ölkə

İranın üzləşdiyi əsas problemlərdən biri də məşğulluğun kəskin azalmasıdır. Ölkədə məşğulluğun yarıdan çoxu xidmət sektorunun payına düşür. Bu sektorda da azalma artan xətt üzrə davam edib: ilin ilk üç ayında mənfi 6,6 faiz, sonrakı aylarda isə mənfi 9 faiz qeydə alınıb. İran Statistika Mərkəzinin məlumatına görə, son bir il ərzində sənaye sektorunda da məşğulluq səviyyəsi 2 faiz azalıb. Eyni vəziyyət neft sektorunda da müşahidə edilir. Bu sektor ölkəyə maliyyə axınının əsas gəlir mənbələrindən olduğu üçün, geriləmə digər sektorlardakı məşğulluğa da mənfi təsir edib. Məlumatlara görə, müharibə dövründə elektrik enerjisinin çatışmazlığına görə sənayedə istehsalın azalması ölkədə yardım milyondan çox iş yerinin itirilməsi ilə nəticələnib.

İran parlamentinin deputatı Nəsrullah Pejmanfər isə “Xaneye Mellət” agentliyinə (ICANA) açıqlamasında bildirib ki, təbii qaz çatışmazlığı davam edərsə, bir milyondan çox işçi iş yerini itirə bilər.

Yeganə artım qeydə alınan sektor kənd təsərrüfatı olub: yaz aylarında müsbət 2,5 faiz, yay aylarında isə müsbət 6 faiz təşkil edib. Bunun əsasən ötən illə müqayisədə yağıntıların 60 faizdən çox olmasından qaynaqlandığı deyilir. Kənd təsərrüfatının gələcəyi də yağışın ümidinə qalıb. Növbəti əkin dövründə yağıntının miqdarı az olarsa, bu sektorda da geriləmə baş verə bilər.

Böhranın əsas göstəricilərindən biri də inflyasiyadır. İran Statistika Mərkəzinin məlumatına görə, oktyabr ayında orta illik inflyasiya 76,8 faiz təşkil edib. İlkin tələbat malları üzrə inflyasiya artıq bir neçə aydır üçrəqəmli göstəricilərlə ifadə olunur. Statistika Mərkəzinin məlumatına əsasən, oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə illik inflyasiya 113,4 faiz təşkil edib.

Yarımqaranlıq və soyuq kabinet, gödəkçədə işləyən prezident…

Bir neçə gün öncə Məsud Pezeşkianın kabinetindən yayımlanmış görüntüsü İranda mövcud vəziyyətin ən real nümunəsi hesab oluna bilər. Ölkədə elektrik enerjisi ilə bağlı ciddi böhran yaranıb və hökumət xalqı qənaətə çağırır. Dövlət televiziyası olan İRİB də Pezeşkianın ofisinin görüntülərini yayıb.

İstilik sistemi minumuma endirildiyi üçün qış gödəkçəsində əyləşmiş Pezeşkian müəyyən qədər günəş işığının düşdüyü otaqda işləyir. Prezident işıqsız işləməsini belə izah edir ki, xalqı qənaətə dəvət edən hökumət ilk növbədə özü nümunə olmalıdır.

“Baxın, bir az işıqla və isti geyimlə hələ də yaşaya bilərik”, – İran prezidenti bildirib.

Bu görüntülər İranın dövlət təbliğatı kimi görünə bilər, lakin prezidentin yarımqaranlıq kabinetdə işləməsi ölkədəki mövcud vəziyyətə adekvatdır.

TAVANİR-in (İranın Elektrik Enerjisinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti) baş icraçı direktoru Məhəmməd Allahdad dövlət televiziyasına açıqlamasında elektrik enerjisindəki məhdudiyyətləri ölkənin yanacaq təchizatındakı problemlərlə izah edib. Bildirib ki, qaz infrastrukturuna hücum vəziyyəti daha da ağırlaşdırdığı üçün bu qış çətinliklərin olacaq.

İranda elektrik enerjisi ilə bağlı problemlər əvvəlki illərdə də baş verib. Bunun səbəbləri arasında istehlakın artması, infrastrukturun köhnəlməsi kimi amillər var. Lakin mart ayında Cənubi Pars qaz yatağına zərbələrin endirilməsi nəticəsində emal gücünün bərpasında çətinliklərin yaşanmasından sonra vəziyyət böhran həddinə çatıb.

Hökumətin sözçüsü Fatimə Mühacərani bildirib ki, bu qış ölkənin qaz çatışmazlığı gündə 430 milyon kubmetrə çata bilər. Pezeşkian da “qışın çətin keçəcəyini” deyib.

İqtisadi böhran müharibədən niyə təhlükəlidir?

İranın üzləşdiyi iqtisadi çətinliyin xarici müdaxilədən qaynaqlanan iki səbəbi var.

1. Müharibə nəticəsində neft-qaz və sənaye infrastrukturunun ciddi zərər görməsi;

2. ABŞ-nin tətbiq etdiyi iqtisadi blokada;

Vaşinqton Tehrana qarşı dəniz blokadadı, “iqtisadi kənarlaşdırma əməliyyatı”, sanksiyaların sərtləşdirilməsi kimi təzyiq rıçaqlarını işə salıb. Bu, müharibədə təslim olmayan İranın iqtisadi təzyiqlə geri çəkilməsi və danışıqlar masasında ABŞ-nin şərtləri çərçivəsində təslim olmasına hesablanmış plandır. “Səssiz müharibə” adlandırılan bu planın effekti hərbi əməliyyatlardan daha çox ola bilər. İrana hücum başlanmamışdan öncə baş verən “yanvar etirazları” bunu deməyə əsas verir.

İlin əvvəlində İranda sosial-iqtisadi problemlərə görə genişmiqyaslı etirazlar baş verdi. Qanlı nəticələnən etirazlarda əsas məqam etnik, yaxud dini fərq olmadan, ölkənin hər yerində sosial problemlərə görə birləşən insanların aksiyalara qoşulması idi. Müharibə bu etirazları arxa plana keçirdi, belə demək mümkünsə, əhali xarici müdaxilə qarşısında hakimiyyətin çətiri altında birləşdi. Aktiv hücumların dayanması fonunda sosial etirazların yenidən başlanması riskləri var. Ölkənin üzləşdiyi sosial-iqtisadi böhran da buna zəmin yaradır. Müharibə dövründə sosial problemləri arxa fona keçirə bilən İran hakimiyyətinin hücumların səngidiyi vaxt buna nail olmaq imkanları məhduddur. Və bu vəziyyətdə Tehran danışıqlar masasında iki tərəfdən təzyiq altına düşə bilər: xaricdən ABŞ-nin tətbiq etdiyi iqtisadi blokada və daxildə soaial-iqtisadi problemlərə görə əhalinin etirazları. ABŞ-nin iqtisadi blokada planının hədəfinin də bu olduğu görünür.AzPolitika.info




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki