İqlim dəyişikliyi bütün həyatın əsaslarını təhdid edir.
Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Konfederasiyanın təşkilatçılığı ilə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, iddialı iqlim fəaliyyət planları ətraf mühiti yaxşılaşdırmaqla yanaşı, həm də sosial gərginliyi azalda bilər: “Bu, həmkarlar ittifaqlarına “yaşıl iqtisadiyyat”a ədalətli keçiddə mühüm rol oynamağa imkan verir. Artıq Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olan və iqlim böhranını yumşaltmaq üçün bütün lazımi alətlərimiz var, sadəcə olaraq, onlardan beynəlxalq, milli, regional və fərdi səviyyələrdə daha geniş istifadə etməliyik”.
AHİK sədrinin sözlərinə görə, qlobal emissiyalar, temperatur artır: “Quraqlıq genişlənir və meşə yanğınları tüğyan edir. Səhralar genişlənir. Okeanlar, meşələr, hava şəraiti, biomüxtəliflik, qida istehsalı, su ehtiyatları, əmək bazarları və nəticədə insan həyatı üçün nəticələr artıq dəhşətlidir və drum getdikcə daha da pisləşir. Dünya iqlim fəlakətlərinin şahidi olub. Biz bu faciələri görmüş və yaşamışıq. Dünyanın heç bir guşəsi iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən sığortalanmayıb. İqlim dəyişikliyi sosial-iqtisadi gərginliyi artıraraq beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Nəticələri torpaq, qida və su kimi ehtiyatları uğrunda şiddətli rəqabətdə özünü göstərir ki, bu da əhalinin kütləvi yerdəyişməsinə səbəb olur”.
O söyləyib ki, Dünya Bankının məlumatına görə, tədbir görülməsə, 2050-ci ilə qədər 140 milyondan çox insan öz regionu daxilində miqrasiya etməyə məcbur olacaq: “Koronavirus pandemiyası bir daha insan və təbiət arasındakı əlaqə ilə bağlı suallar doğurdu. COVID-19 pandemiyası iqlim dəyişikliyini dayandırmasa da, emissiyaların müvəqqəti azalmasına səbəb oldu. İndi emissiyalar yenidən artıb və təxminən pandemiyadan əvvəlki səviyyəyə çatıb. Bu, qlobal temperaturun 1,5 dərəcədən xeyli yuxarı artmasına səbəb ola biləcək yola qayıtmaq deməkdir. Dağıdıcı nəticələr çox böyük ola bilər. Aydındır ki, köklü şəkildə yeni yanaşma lazımdır. Vəziyyətimizi və həyat tərzimizi təcili olaraq dəyişməsək, həyatın özünü riskə atmış olarıq”.