Aprelin 29-da AMEA Arxeologiya və Antropologiya İnstitutunda müasir arxeologiyada tətbiq olunan yeni yanaşmalar və praktiki tətbiqlərlə bağlı təlim-treninqlərə başlanılıb. Əsas təşkilatçılar AMEA Arxeologiya və Antropologiya İnstitutu, Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Bakı Dövlət Universitetidir.
Treninqlərin keçirilməsi 2025-ci ildə Türkiyə Respublikasının Ege Universiteti ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında aparılan danışıqlar zamanı razılaşdırılıb. Belə ki, türkiyəli mütəxəssislər Ege Universitetinin Arxeologiya bölümünün əməkdaşı dosent Zafer Derinin rəhbərliyi ilə arxeologiya sahəsində yeni tədqiqat üsullarının tətbiqi və təcrübə mübadiləsi məqsədilə AMEA Arxeologiya və Antropologiya İnstitutunda treninqlər keçəcəklər.
Bu gün AMEA-nın Əsas binasında “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tədbiqlər” mövzusunda treninqlərin açılışı olub.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya tarixində ilk dəfə olaraq qardaş Türkiyənin tanınmış elm adamlarının iştirakı ilə arxeologiya sahəsində təlimlərə başlanıldığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında çoxcəhətli və dərin tarixi əlaqələrin mövcudluğunu qeyd edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan xalqı Türkiyəni qardaş ölkə hesab edir və bu münasibətlərin təməlində min illik ortaq tarix, dil və din birliyi dayanır.
AMEA rəhbəri vurğulayıb ki, XX əsrin sonlarından etibarən Türkiyə-Azərbaycan münasibətləri xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yeni səviyyəyə yüksəldilib. Nəticədə Azərbaycan və Türkiyə iqtisadiyyat, mədəniyyət, elm, hərb və digər sahələrdə “bir millət, iki dövlət” prinsipinin real və uğurlu nümunəsini nümayiş etdirir. Bu gün hər iki ölkənin prezidentləri bu qardaşlığı həm dövlətlərarası münasibətlərdə, həm də şəxsi əlaqələrdə ən parlaq şəkildə dünyaya təqdim edirlər.
“Akademiyada fəaliyyət göstərən 10 institut və 4 regional mərkəzin hər biri Türkiyənin müvafiq elmi qurumları və ali təhsil müəssisələri ilə, o cümlədən Türkiyə Elmlər Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu və Türk Dil Qurumu ilə sıx elmi əlaqələr qurub və bu əməkdaşlıq uğurla davam etdirilir”, – deyə akademik İsa Həbibbəyli bildirib.
O, fevralın sonunda AMEA-da Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirildiyini xatırladaraq həmin tədbirdə Türkiyədən 85 alim və mütəxəssisin iştirak etdiyini diqqətə çatdırıb.
Artıq Türkiyə-Azərbaycan münasibətlərində əməli fəaliyyət mərhələsinin ön plana keçdiyini söyləyən AMEA prezidenti qeyd edib ki, konkret elmi-nəzəri problemlər üzrə AMEA ilə Türkiyənin müvafiq qurumları arasında birgə tədqiqatların aparılması, ortaq elmi məqalələrin hazırlanması və birgə kitabların nəşr edilməsi zəruridir. O, bu kimi əməkdaşlıqları əməli fəaliyyət dövrünün vacib istiqamətlərindən biri kimi qiymətləndirib.
Akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən beynəlxalq standartlara uyğun olaraq Azərbaycan və ingilis dillərində nəşr olunan iki elmi dövri jurnalın bir nömrəsinin tam şəkildə Türkiyə və Azərbaycan alimlərinin birgə tədqiqatlarına həsr edilməsini tövsiyə edib. Eyni zamanda, Türkiyədə də bu istiqamətdə bir elmi jurnalın həmin ortaq tədqiqatlara həsr olunmasını məqsədəuyğun hesab edib.
AMEA rəhbəri vurğulayıb ki, bu təlimlər çərçivəsində ilk dəfə olaraq türkiyəli arxeoloqlar azərbaycanlı həmkarları ilə öz təcrübələrini, tətbiq olunan yenilikləri və Türkiyənin arxeologiya sahəsində əldə etdiyi nailiyyətləri bölüşür. Alim bu təlimləri arxeologiya sahəsində atılan mühüm əməli addımlardan biri kimi yüksək dəyərləndirib.
O, çıxışında təlimlərdə yalnız Türkiyə təcrübəsinin deyil, eyni zamanda Azərbaycan arxeologiyasının əldə etdiyi nailiyyətlərin də təqdim olunmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu təşəbbüs Türkiyə təcrübəsinin metodikasının, elmi yanaşmalarının və nailiyyətlərinin mənimsənilməsi baxımından olduqca faydalıdır.
Sonda akademik İsa Həbibbəyli tədbirin əhəmiyyətinə toxunaraq təlimin işinə uğurlar arzulayıb.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, üç gün davam edəcək treninqin əsas məqsədi Azərbaycanda son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tətbiq olunan yeni tədqiqat üsulları ilə bağlı qardaş Türkiyənin təcrübəsindən yararlanmaqdır. Onun sözlərinə görə, Türkiyədə aparılan arxeoloji tədqiqatların nəticələri və tətbiq edilən metodlar Azərbaycan tədqiqatçıları üçün böyük maraq doğurur və gələcəkdə ortaq tədqiqatların təşkilində bu təcrübələrdən geniş istifadə ediləcək.
İnstitut direktoru, həmçinin treninqin Azərbaycan Mədəniyyət Nazirliyinin mütəxəssisləri ilə birgə təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, aparılan elmi tədqiqatlar nazirliyin tabeliyində fəaliyyət göstərən qoruqların mütəxəssisləri ilə birgə, vahid komanda şəklində həyata keçirilir. Abidələrin tədqiqi, konservasiyası və sonrakı qorunma mərhələləri kompleks şəkildə, qoruq işçiləri ilə əməkdaşlıq şəraitində aparılır. O, treninqlərdə nazirliyin 20-yə yaxın əməkdaşının iştirak etdiyini və arxeologiya elminin inkişafı üçün bu əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
“Rəqəmsal arxeologiya hazırda dünyanın aparıcı elmi sahələrindən biridir və Azərbaycan Milli Elmlər Akademiyası da ölkə elmində yeni tədqiqatların aparılmasını, bu tədqiqatların rəqəmsal formatda və süni intellekt texnologiyalarının tətbiqi ilə həyata keçirilməsini qarşıya məqsəd qoyub”, – deyə bildirən Fərhad Quliyev əlavə edib ki, institut gələcək elmi tədqiqatların bu müasir tələblərə cavab verməsi üçün fəaliyyətini uğurla davam etdirir.
O, institutun bir sıra beynəlxalq layihələr həyata keçirdiyini və bu layihələr çərçivəsində Azərbaycan arxeoloqlarının xarici həmkarları ilə birgə yeni tədqiqat üsullarını tətbiq etdiklərini söyləyib. Direktor bu üsulların daha dərindən öyrənilməsinin, müasir avadanlıqların alınmasının və həmin avadanlıqlardan istifadə bacarıqlarının mənimsənilməsinin önəmini qeyd edib.
Fərhad Quliyev təlimlərin aprelin 29-u və mayın 1-də AMEA-da, aprelin 30-da isə Bakı Dövlət Universitetində təşkil ediləcəyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, institutun təşəbbüsü ilə Bakı Dövlət Universitetində Arxeologiya və Mədəni İrs ixtisası üzrə ayrıca bölmənin yaradılması ilə bağlı rəsmi təklifin irəli sürülməsi nəzərdə tutulur.
Direktor qeyd edib ki, Bakı Dövlət Universitetində arxeologiya üzrə magistratura proqramı mövcud olsa da, bu sahənin davamlı inkişafı üçün əsas ehtiyac bakalavr pilləsində təhsilin aparılmasıdır. O, Türkiyədə arxeologiya üzrə kadr hazırlığının bütün universitetlərdə həyata keçirildiyini vurğulayıb.
O, türkiyəli arxeoloq Zafer Derinlə əldə olunan razılaşmaya əsasən treninqlərin davamlı təşkilinin nəzərdə tutulduğunu vurğulayıb. Fərhad Quliyev treninqlər çərçivəsində arxeoloji tədqiqata hazırlıq, arxeometrik tədqiqatlar, çöl şəraitində iş prosesi, ölçmələrin aparılması, hesabat və sənədlərin hazırlanması ilə bağlı məruzələrin təqdim ediləcəyini, eləcə də iştirakçıların Qarabağda aparılan arxeoloji qazıntılarla tanış olacağını söyləyib.
Daha sonra türkiyəli mütəxəssislər – dosent Zafer Derin “İzmir şəhərində yerləşən Yeşilova və Yassıtəpə arxeoloji abidələrində aparılan arxeoloji qazıntılar”, İzmir Bornova Bələdiyyəsinin arxeologiya üzrə mütəxəssisi Mehmet Akif Erdem “Arxeoloji qazıntılarda istifadə olunan üsullar (Yeşilova abidəsinin təcrübəsində)” və Ege Universitetinin Arxeologiya bölümünün elmi işçisi Özgen Çelik “Arxeoloji çöl tədqiqatlarında sənədləşdirmə, qeydiyyat və ətraf mühitin təhlili” mövzuları üzrə treninqlər keçiriblər.
Təlimçilər apardıqları tədqiqatların məqsədinin müəyyənləşməsi, metodologiyası, istifadə etdikləri texnoloji vasitələr və ortaya çıxan problemlər üzrə topladıqları təcrübə və biliklərini bölüşüblər. Vizual elektron təqdimatlarla müşayiət olunan mühazirələrdən sonra tədbirdə iştirak edən gənclərlə müxtəlif mövzularda müzakirələr aparılıb.


























