Son illərlə müqayisədə cari ildə fermerlərin suvarma suyu ilə təminatında nəzərəçarpan müsbət dəyişikliklər müşahidə olunur. Əlbəttə, su təsərrüfatında uzun illər ərzində formalaşmış infrastruktur problemlərinin, iqlim dəyişikliklərinin və su ehtiyatlarının məhdudluğunun yaratdığı çətinliklər hələ də mövcuddur. Lakin bütün bunlara baxmayaraq, əvvəlki illərlə müqayisədə əldə olunan irəliləyiş, fermerlərin müraciət və şikayətlərinin azalması, su təminatı ilə bağlı məmnunluğun artması artıq hiss olunan reallığa çevrilib.
Bu müsbət dinamika təsadüfi deyil. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həyata keçirdiyi institusional və struktur islahatları, idarəetmədə çevikliyin artırılması, suvarma sistemlərinin istismarına nəzarətin gücləndirilməsi, kanalların və hidrotexniki qurğuların təmizlənməsi, nasos stansiyalarının və subartezian quyularının təmiri, su itkilərinin azaldılması istiqamətində görülən işlər nəticəsini verməkdədir.
Xüsusilə su təsərrüfatında idarəetmənin müasirləşdirilməsi, regional fəaliyyətin daha səmərəli təşkili və fermerlərlə birbaşa kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi xidmət keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Artıq yanaşma yalnız mövcud problemlərin aradan qaldırılması ilə məhdudlaşmır, həm də onların əvvəlcədən müəyyənləşdirilməsi və operativ həlli prinsiplərinə əsaslanır.
Digər mühüm məqam isə həyata keçirilməkdə olan genişmiqyaslı infrastruktur layihələridir. Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə su anbarının tikintisi və digər irriqasiya layihələri başa çataraq istismara verildikdən sonra suvarma imkanları əhəmiyyətli dərəcədə genişlənəcək, su itkiləri azalacaq, əkin sahələrinin su təminatında dayanıqlılıq daha da artacaq.
Bütün bunlar onu deməyə əsas verir ki, su təsərrüfatında aparılan islahatlar artıq müsbət nəticələrini göstərir. Qarşıdakı mərhələdə yeni layihələrin reallaşması və müasir idarəetmə mexanizmlərinin tətbiqi bu nəticələri daha da gücləndirəcək.
Görünən odur ki, əsas hədəf fermerin suvarma suyu ilə təminatını təsadüfdən və mövsümi çətinliklərdən asılı olmayan, planlı, etibarlı və dayanıqlı xidmət səviyyəsinə çatdırmaqdır.
Anar Hüseynov
Fermer,
Samux rayonu


























