AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Respublikasının Qaşqadərya vilayətinin Qarşi şəhərində fəaliyyət göstərən Asiya Texnologiya Universitetinin rektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Loçin Raxmanov ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli ortaq tarixi soykökə söykənən Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə iki qardaş ölkənin dövlət başçılarının sıx əlaqələri nəticəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, bunun elm və təhsil istiqamətində də geniş əməkdaşlığa meydan açdığını söyləyib.
AMEA-nın Özbəkistanın akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini deyən akademik İsa Həbibbəyli bu əlaqələrin birgə elmi tədqiqatların genişlənməsi, ortaq layihələrin hazırlanması və konfransların təşkili baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə yaranmış akademik münasibətlər nəticəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi özbək şairi Əlişir Nəvaiyə həsr olunmuş Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyan Mərkəzin yaradıldığını deyib.
Daha sonra çıxış edən Loçin Raxmanov rəhbərlik etdiyi Asiya Texnologiya Universiteti barədə ətraflı məlumat verib. Universitetdə innovativ təhsil modelinin tətbiq olunduğunu, beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini bildirib.
Rektor Loçin Raxmanov AMEA ilə elmi-tədqiqat, akademik mübadilə, birgə konfrans və layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
Çıxışlardan sonra AMEA ilə Özbəkistanın Asiya Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra qarşılıqlı kitab hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, görüşdə Asiya Texnologiya Universitetinin icraçı direktoru Elyor İbrahimov, Elm və innovasiyalar departamentinin müdiri Uktam Abdullayev, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova iştirak ediblər.


























