Media Təhlil Mərkəzi (MTM) 27 sentyabr – Anım Günü ilə əlaqədar Qarabağa qayıdışla bağlı vətəndaşlar arasında sorğu keçirib.
Mərkəzdən bildirilib ki, sorğuda iştirak edən 1554 respondentin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.
İlk suala cavab verən respondentlərin 55,4%-inin fikrincə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə özünü daha çox xalqın mübarizə əzmində göstərib.
Cavab verənlərin 31,3%-i Vətən müharibəsindəki qələbəmizin Azərbaycanın hərbi qüdrəti, 10,3%-i beynəlxalq miqyasda qazanılan nüfuzla əlaqələndirib. İştirakçıların 3%-i bu sualın cavabında “Digər” variantını seçib.
Post-münaqişə dövrünün əsas reallıqları ilə bağlı suala respondentlər aşağıdakı kimi cavab veriblər:
Zəngəzur dəhlizi güc yolu ilə də olsa, açılmalıdır – 49,6%;
Ermənistanın bütün manevr imkanları tükənib – 27,4%;
Tərəflər sülh sazişini imzalamağa çox yaxındır – 12,1%;
Beynəlxalq birlik Azərbaycanın tərəfindədir – 10,9%.
Sorğu iştirakçıları Qarabağda aparılan quruculuq işləri barədə sualı da cavablandırıblar. Respondentlərin 42,8%-ni azad edilən ərazilərin minalardan təmizlənməsi daha çox qane edir. Cavab verənlərin 29,5%-i Qarabağda infrastruktur layihələrinin yüksək səviyyədə icra olunmasını yüksək qiymətləndiriblər.
Respondentlərin 15,8%-i tarixi-dini abidələrin bərpasının diqqət mərkəzində olmasından, 11,9%-i isə Qarabağda əhalinin məskunlaşmasının sürətlə aparılmasından razıdır.
Azad edilmiş ərazilərdə iqtisadi inkişafın prioritet istiqamətlərinə gəlincə, sorğu iştirakçılarının 44%-i bunu kənd təsərrüfatında, 38,8%-i turizm və xidmət sahəsində, 8,1%-i sənayedə, 7,5%-i tikinti sektorunda, 1,6%-i isə ticarətdə atılacaq addımlarda gördüyünü bildirib.