Heydər Əsədov
Milli Məclisin deputatı
4 oktyabr dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi təsis edilib. Bu tarix Vətən müharibəsində Cəbrayıl şəhərinin işğaldan azad olunmasını, ərazi bütövlüyünün bərpası yolunda əldə edilən mühüm nəticəni və Azərbaycan xalqının doğma torpaqlarına qayıdışının yeni mərhələsini ifadə edir. Cəbrayılın azad olunması həm hərbi əməliyyatların gedişində mühüm dönüş yaratdı, həm də rayonun gələcək bərpa və quruculuq prosesinin başlanmasına yol açdı.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal edilmiş, rayonun yaşayış məntəqələri, sosial infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalmışdı. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin düşərək uzun illər müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşamalı oldu. Cəbrayılın tarixi-mədəni irsinə vurulan zərər də böyük idi. Rayon ərazisindəki tarixi və dini abidələr, yaşayış məntəqələri və digər mədəni irs nümunələri dağıdılmışdı. Beləliklə, işğal Cəbrayılın yalnız ərazi və demoqrafik görünüşünə deyil, onun çoxəsrlik tarixi-mədəni mühitinə də ciddi zərbə vurdu.
1994-cü ildə Cocuq Mərcanlının azad edilməsi rayon əhalisinin doğma torpaqlara qayıdış ümidini qoruyan mühüm hadisələrdən biri oldu. 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi isə Cocuq Mərcanlıda həyatın yenidən qurulmasına imkan yaratdı. Sonrakı dövrdə burada həyata keçirilən bərpa işləri Böyük Qayıdış ideyasının ilkin nümunələrindən birinə çevrildi. Bu proses Cəbrayılın digər yaşayış məntəqələrinin də gələcəkdə bərpası üçün mühüm təcrübə formalaşdırdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində dönüş nöqtəsi yaratdı. İlk günlərdə rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi, oktyabrın 3-də bir sıra yaşayış məntəqələrinin azad olunmasından sonra oktyabrın 4-də Cəbrayıl şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Cəbrayıl İkinci Qarabağ müharibəsi zamanı azad edilən ilk şəhər oldu. Şəhərin azad edilməsi hərbi baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, Azərbaycan Ordusunun sonrakı istiqamətlərdə irəliləməsi üçün də əlverişli imkanlar yaratdı. Cəbrayılın azadlığı Zəngilan, Qubadlı və Laçın istiqamətində aparılan əməliyyatların gedişinə də təsir göstərən mühüm mərhələlərdən biri oldu.
Qarşıda yeni vəzifə – dağıdılmış şəhər və kəndlərin bərpası, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dayanırdı. Bu istiqamətdə həyata keçirilən layihələr Cəbrayılın gələcək inkişafının kompleks şəkildə planlaşdırıldığını göstərir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, yol və enerji infrastrukturunun qurulması, yeni sosial obyektlərin inşası rayonun iqtisadi fəallığının artırılmasına və yeni məşğulluq imkanlarının formalaşdırılmasına xidmət edir. Cəbrayılın əlverişli coğrafi mövqeyi və regionun nəqliyyat bağlantılarında tutduğu yer onun gələcək iqtisadi inkişafı baxımından da əhəmiyyətli imkanlar yaradır.
Cəbrayıl şəhərinin bərpası müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilir. “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiqlənməsi yaşayış, sosial, ictimai və iqtisadi məkanların vahid konsepsiya əsasında formalaşdırılmasına imkan yaradıb. Yeni yaşayış komplekslərinin inşası ilə yanaşı, məktəb, sosial xidmət, ictimai məkan və digər infrastruktur obyektlərinin yaradılması şəhərdə müasir və rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlib. Bu yanaşma Cəbrayılın həm də burada davamlı sosial-iqtisadi həyatın bərpasını nəzərdə tutur.
Bu prosesin ən mühüm istiqamətlərindən biri Cəbrayıla insanların qayıdışının təmin edilməsidir. Artıq Cəbrayıl şəhərində və rayonun Horovlu, Şükürbəyli kimi yaşayış məntəqələrində məskunlaşma həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində yeni yaşayış məhəllələrinin salınması, kommunal və sosial infrastrukturun yaradılması, yolların çəkilməsi və məşğulluq imkanlarının formalaşdırılması insanların doğma yurdlarında təhlükəsiz və dayanıqlı həyat qurmasına şərait yaradır. Bununla Cəbrayıl uzun illər davam edən məcburi köçkünlük mərhələsindən çıxaraq öz sakinlərinin qayıtdığı və yeni həyatın qurulduğu məkana çevrilir.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü bu baxımdan yalnız tarixi qələbənin xatırlanması deyil, həm də Cəbrayılın yenidən qurulmasının, əhalinin doğma yurda qayıdışının və şəhərin gələcək inkişafını təcəssüm etdirir. İşğaldan azad olunmuş Cəbrayıl artıq quruculuğun, qayıdışın və yeni həyatın ünvanına çevrilir. Cəbrayılın timsalında Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan yeni məqsədlər – azad edilmiş ərazilərin dirçəldilməsi, tarixi-mədəni irsin qorunması, müasir infrastrukturun yaradılması və insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsi bir arada əks olunur. Bu baxımdan 4 oktyabr həm tarixi yaddaşın yaşadıldığı, həm də Cəbrayılın gələcəyinə nəzər salındığı əlamətdar gündür.


























