image-1backend

Azərbaycan dünyanın xilası naminə qlobal çağırışlarla çıxış edir

image-reklam_sirab_01

Dünya hazırda ciddi çağırışlarla üz-üzə qalıb. Qarşıya çıxan sualları adekvat qarşılamaq əlbəttə, hər bir ölkədən, beynəlxalq təşkilatdan ciddi yanaşma və praktik addımlar tələb edir. Lakin, təəssüflə deməliyik ki, problemlərin həlli əvəzinə legitim əsası olmayan iddialar planeti daha böyük təhlükələrə doğru aparır. Müharibələr, qarşıdurmalar, islamofobiya, ksenofobiya, milli-dini ayrıseçkilik, qlobal istiləşmə və s. Bu, həllini gözləyən problemlərin yalnız bir qismidir. Azərbaycan məhz onların həlli, parçalanmış dünyanın xilası naminə qlobal çağırışlarla çıxış edir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” bu baxımdan yüksək qiymətləndirilir. Qlobal hərəkata çevrilən proses mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında faydalı dialoq qurur, multikultural və tolerant dəyərləri təşviq edir. Əməkdaşlığa hesablanan bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq birlikdə mühüm faktora çevrilir. 2019-cu ildə 120 ölkənin dəstəyi ilə BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik, sonra müddətin daha bir il uzadılması, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, o cümlədən bir çox digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyət deyilənlərin əyani sübutudur. Ən əsası, rəsmi Bakı hansı platformada təmsil olunursa, yaxud hansı beynəlxalq tədbirə ev sahibliyi edirsə ona yeni nəfəs verir, işində böyük canlanma yaradır. Elə Qoşulmama Hərəkatına sədrlik bunun bariz təzahürüdür. Belə ki hərəkatın institusional inkişafında mühüm addımlar atıldı:

– Parlament Şəbəkəsi;

– Gənclər Təşkilatı yaradıldı.

– Qadınlar platforması təsis olundu.

Bununla belə pandemiya və postpandemiya dövrü gündəliyini real təkliflərlə zənginləşdirdi. Eyni zamanda, neokolonializm meyillərinə qarşı mübarizə, dekolonizasiya prosesi üçün Bakı Təşəbbüs Qrupu yaradıldı və bu gün uğurla fəaliyyət göstərir. Şübhəsiz, bütün bunlar Azərbaycanın nüfuzunu artırır, beynəlxalq miqyasda mövqelərini gücləndirir. Elə COP 29-a ev sahibliyində Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsi rasional siyasətin məntiqi nəticəsi kimi izah olunmalıdır. Prezident İlham Əliyevin cari ilin iyunun 4-də Bakı Enerji Həftəsində qlobal məzmunlu çağırışları bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”. Birmənalı şəkildə demək olar ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinə beynəlxalq birliyin hər bir üzvünün razılığı məhz bu yanaşmadan irəli gəlir. Rəsmi Bakı ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyası ilə müqayisə olunan konfransı böyük məsuliyyət hesab edir. Ona görə də tədbirə ciddi hazırlaşır. Çünki, bu gün qlobal iqlim dəyişikliyi planetin ən həssas və gələcəyi təyin edən problemidir. Burada kiçik və ya böyüklüyündən asılı olmayaraq hər bir ölkə öz töhfəsini verməlidir. Bəzi faktlara müraciət etsək, mövcud mənzərə tam aydınlaşar. Dünyada iqlim məqsədlərinə çatmaq üçün böyük həcmdə karbon emissiyası azaldılmalıdır. Məsələn, 1,5 dərəcə selsi yüksələn temperaturun qaşısını almaq üçün

– dünyada il ərzində 32 milyard ton karbon tutulmalıdır; halbuki

– hazırda hər il 45 milyon ton karbon tutulur.

Azərbaycan məhz bu reallığı nəzərə alaraq ciddi gündəlik üzərində çalışır. Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Ona görə də ekoloji problemlərin həllində strateji kommunikasiya məsələsini ön plana çıxarır. Azərbaycanın təşəbbüsü ilə COP çərçivəsində yenilik olan üçlük mexanizminin- COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30–u keçirəcək Braziliya ilə birlikdə bu formatın yardılması məhz bu məqsədlərə xidmət edir. Bəs, qlobal iqlim sammiti Azərbaycana nə verəcək?

-2050-ci ilə qədər istixana qaz emissiyasını 40% azaltmaq, yaşıl iqtisadiyyata transformasiya gündəliyi təqdim olunacaq;

-turizm və xidmət sektoru, iqtisadiyyatın canlanmasına əlavə dinamika gətirəcək;

-ölkənin potensial imkanları, o cümlədən bərpaolunan enerji resurslarına marağı artıracaq;

-iki həftə ərzində dünyanın diqqəti Bakıya yönələcək və s.

Azərbaycan qlobal iqlim sammitinə həm də inkişaf etmiş dövlətlərdən inkişaf etməkdə olan kasıb dövlətlərə maliyyə və texnoloji dəstək göstərmək gündəliyindən yanaşır. Onu da qeyd edək ki, yaşıl iqtisadiyyat strategiyası Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sözsüz ki, COP29 konfransında planetin xilası üçün əsas çağırışlardan biri məhz dünya birliyinin həmrəyliyə səslənməsi olacaq. Beləliklə, daha bir mötəbər tədbirə ev sahibliyi Azərbaycanın standartlarını təqdim etməklə yanaşı, eyni zamanda qlobal çəkisini daha da artıracaq.

Əlibala Məhərrəmzadə

İqtisad elmləri doktoru, Professor

59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki