image-1backend

Azərbaycan ilə BƏƏ arasında münasibətlər strateji əhəmiyyət daşıyır  

image-reklam_sirab_01

Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə qalxıb. Elə yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılmasının göstəricisidir. Bu səfər çərçivəsində ölkə başçısının BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın növbəti uğuru sayılmalıdır.

Mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, “Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit və inkişaf etmiş ölkələrindən birinə çevrilib”. İki dövlət baçısının görüşünün nəticələri  Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqləmişdir.

Qazandığı böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik edən dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrildiyini bildirərək deyib: “Biz Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik”. Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı söyləyib ki, Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Dövlətimizin başçısı bildirib: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.

Qeyd edilib ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Bu gün Azərbaycanın təbii qaz ixracı artır. Əgər ötən il ixrac 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.   Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzalayıblar. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaqdır. Bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, «Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”.

Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.   Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki