image-reklam-veteninfo
image-5backend

Azərbaycan-İtaliya arasında əlaqələr davamlı olaraq inkişaf edir

image-reklam-veteninfo

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.
Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır.
2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 11,860 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 469,5 milyon ABŞ dolları və ya 4,1% çoxdur.
Ötən il İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24%-i həcmində olub və İtaliya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında birinci yeri tutur.
2025-ci ildə Azərbaycandan İtaliyaya 11,3 milyard dollarlıq məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 467,2 milyon ABŞ dolları və ya təqribən 4,3% çoxdur. Bununla da ötən il İtaliya Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında da liderdir.
Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
İki dövlət arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Görüşlər zamanı bu barədə də danışılıb. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər müzakirə edilib.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib.
Münasibətlərin ən mühüm yeniliklərindən biri ötən il oktyabrın 1-də İtaliya-Azərbaycan Universitetinin yaradılması olub. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Bakıda Universitetin ilk tədris korpuslarının açılışı olub.
Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Azərbaycan həmin günlər ərzində kimin haqqın, ədalətin, kimin isə ədalətsizliyin yanında olduğunu görmüş oldu. Bunun da nəticəsidir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkələrin şirkətləri iştirak edir. İtaliya şirkətləri də bu sıradadır. Belə ki, artıq bu ölkənin bir sıra şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində yaxından iştirak edir. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.
Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr davamlı olaraq güclənir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki