image-reklam-veteninfo
image-3backend

Azərbaycan-Latviya münasibətləri hər iki xalqın rifahına töhfə verir

image-reklam-veteninfo

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin inkişafı prioritet istiqamətlərdən biri olaraq qalır. Bu kontekstdə Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri Bakı ilə Riqa arasındakı əlaqələrin dinamik inkişafının və strateji xarakterinin növbəti bariz nümunəsidir. Bu səfər, həmçinin Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi-siyasi imkanların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Latviya arasındakı münasibətlərin tarixinə nəzər salsaq görərik ki, iki ölkə arasındakı diplomatik əlaqələr hələ müstəqilliyin ilk zamanlarında – 1994-cü il yanvarın 11-də qurulub. Azərbaycanın Latviyadakı səfirliyi isə ölkəmizin Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təməli isə 1997-ci ildə qoyulub və gələn il bu münasibətlər 30 ilinə qədəm qoyacaq.

Azərbaycan və Latviya arasındakı münasibətlər hər zaman qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Latviya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyən, Avropa İttifaqı məkanında ölkəmizin ədalətli mövqeyini müdafiə edən etibarlı tərəfdaşdır. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir və Latviya bu prosesdə Azərbaycanın potensialına böyük maraq göstərir. Xüsusilə bərpaolunan enerji mənbələri sahəsində təcrübə mübadiləsi, “Orta Dəhliz” vasitəsilə yükdaşımaların artırılması və Baltik dənizi limanları ilə Bakı Limanı arasında əlaqələrin intensivləşdirilməsi, Latviyanın yüksək texnologiyalar sahəsindəki təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri əsas müzakirə mövzularından olub. Tərəflər arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyəti geniş potensial vəd edir. Xüsusilə ticarət dövriyyəsinin həcminin artırılması və məhsul çeşidliliyinin genişləndirilməsi əsas hədəflərdən biridir. Azərbaycanın əlverişli investisiya mühiti Latviya iş adamları üçün yeni fürsətlər açır. Bu kontekstdə Latviya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına cəlb edilməsi və birgə müəssisələrin yaradılması vasitəsilə qarşılıqlı investisiya qoyuluşunun stimullaşdırılması nəzərdə tutulur.

Azərbaycanın Cənubi Qafqazın qovşağı, Latviyanın isə Baltikyanı regionun mühüm liman mərkəzi olması bu tərəfdaşlığı qitələrarası miqyasda daha əhəmiyyətli edir. Məhz bu imkanlar Azərbaycan-Latviya əlaqələrinin sadəcə diplomatik deyil, həm də çoxşaxəli iqtisadi sütunlar üzərində möhkəmləndiyinin göstəricisidir.

Hər iki dövlət başçısı, çoxsaylı nümayəndələrin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda Azərbaycan və Latviyanın mövcud iqtisadi imkanları qeyd edilərək gələcək əməkdaşlıq planları ətraflı müzakirə edilib. Bildirilib ki, son illər ərzində Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər görülüb. Son dörd-beş il ərzində ümumi daxili məhsulun sürətli artımı müşahidə edilib. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.

Azərbaycanda təbii qaz hasilatı artır, hasil edilən təbii qazın böyük hissəsi isə ixrac olunur. Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 6,1 faizinə bərabərdir. Ölkənin valyuta və qızıl ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Hazırda ölkəmizin əlavə investisiyalara böyük ehtiyac vardır. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib.

Ümumilikdə Latviya Prezidentinin səfəri bir daha təsdiq etdi ki, coğrafi uzaqlığa baxmayaraq, Bakı və Riqa ortaq maraqlar və sarsılmaz dostluq telləri ilə bir-birinə bağlıdır. Bu rəsmi görüşlər silsiləsi Azərbaycanın Avropa ilə inteqrasiya prosesini sürətləndirməklə yanaşı, həm də milli maraqlarımızın beynəlxalq müstəvidə daha güclü şəkildə qorunmasına xidmət edir. Bir sözlə, Azərbaycan-Latviya münasibətləri yüksələn xətt üzrə inkişaf edərək, hər iki xalqın rifahına və regional sabitliyə töhfə verməkdə davam edir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki