image-reklam-veteninfo
image-2backend

Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir

image-reklam-veteninfo

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi yalnız beynəlxalq tədbir xarakteri daşımır. Bu forum Azərbaycanın müasir inkişaf modelinin, dayanıqlı şəhərsalma siyasətinin və postmünaqişə dövründə aparılan bərpa işlərində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda təqdimatı baxımından strateji əhəmiyyətə malikdir. BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil olunan bu nüfuzlu platforma şəhərlərin gələcəyi, urbanizasiya çağırışları, iqlim dəyişiklikləri, sosial inklüzivlik və yaşıl inkişaf kimi məsələlərin müzakirə olunduğu ən mühüm beynəlxalq forumlardan biridir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin ölkəmizə olan yüksək etimadının, dövlətimizin artan beynəlxalq nüfuzunun və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar diplomatiya, mədəni irsin qorunması, beynəlxalq əməkdaşlıq və multikultural dəyərlərin təşviqi istiqamətində fəaliyyəti Azərbaycanın müasir, açıq və etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə mühüm töhfə verir.
WUF13-ün Azərbaycanda təşkili ölkəmizin beynəlxalq imicinə bir neçə mühüm istiqamətdə müsbət təsir göstərir. İlk növbədə, forum Azərbaycanı regionda dayanıqlı inkişaf və innovativ şəhərsalma siyasətinin aparıcı mərkəzlərindən biri kimi təqdim edir. Bu tədbir vasitəsilə beynəlxalq ekspertlər, siyasətçilər, investorlar və şəhərsalma üzrə mütəxəssislər Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Digər mühüm məqam isə Azərbaycanın postmünaqişə dövründə aparılan bərpa işlərində formalaşdırdığı yeni modelin beynəlxalq platformada təqdim edilməsidir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi artıq bir çox beynəlxalq dairələr tərəfindən unikal inkişaf nümunəsi kimi qiymətləndirilir. Azərbaycan dağıdılmış şəhərləri sadəcə bərpa etmir, onları XXI əsrin çağırışlarına uyğun şəkildə yenidən layihələndirir. Bu yanaşma klassik rekonstruksiya modelindən fərqlənərək müasir urbanizasiya prinsiplərini, rəqəmsal texnologiyaları, yaşıl enerji həllərini və insan faktorunu nəzərə alan idarəetməni özündə birləşdirir.
Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər şəhərlərdə həyata keçirilən layihələr göstərir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasını sistemli şəkildə tətbiq edən nadir ölkələrdən biridir. Burada məqsəd yalnız yeni yaşayış məntəqələri yaratmaq deyil, həm də təhlükəsiz, dayanıqlı, ekoloji və yüksək həyat keyfiyyətinə malik şəhər mühiti formalaşdırmaqdır. Xüsusilə Zəngilan rayonunun Ağalı kəndi beynəlxalq maraq doğuran layihələrdən biri hesab olunur. Ağalı layihəsində bərpaolunan enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, innovativ kənd təsərrüfatı texnologiyaları və sosial xidmətlərin vahid inteqrasiyası həyata keçirilib.
Azərbaycanın beynəlxalq şəhərsalma təcrübəsinə təqdim etdiyi əsas yeniliklərdən biri də yaşıl enerji zonası yanaşmasıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi mühüm töhfədir. Günəş, külək və hidroenerji layihələrinin inkişafı həm regionun enerji təminatını gücləndirir, həm də karbon emissiyalarının azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyev WUF13 açılış mərasimində bildirib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.
Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.
Forumun ölkəmiz üçün digər mühüm əhəmiyyəti iqtisadi və investisiya imkanları ilə bağlıdır. Belə beynəlxalq tədbirlər xarici investorların diqqətini Azərbaycanın inkişaf edən şəhərsalma, infrastruktur, nəqliyyat və yaşıl enerji layihələrinə yönəldir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yeni iqtisadi əməkdaşlıq imkanlarının formalaşmasına, texnologiya transferinə və beynəlxalq tərəfdaşlığın genişlənməsinə şərait yaradır. WUF13 həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir. Forum vasitəsilə ölkəmiz yalnız iqtisadi və infrastruktur potensialını deyil, həm də multikultural dəyərlərini, tolerantlıq ənənələrini və humanitar yanaşmasını beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Şuşanın tarixi-mədəni irsinin bərpası, şəhərin mədəniyyət paytaxtı kimi inkişaf etdirilməsi bu siyasətin mühüm nümunələrindəndir. Bütün bunlar göstərir ki, WUF13 Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsi, ölkəmizin dayanıqlı inkişaf sahəsində nüfuzunun artması və Qarabağda həyata keçirilən quruculuq modelinin dünya miqyasında tanıdılması baxımından strateji əhəmiyyət daşıyır. Bu forum vasitəsilə Azərbaycan dünyaya nümayiş etdirir ki, postmünaqişə dövründə aparılan bərpa işləri yalnız dağıntıların aradan qaldırılması deyil, həm də gələcəyin şəhərlərinin qurulması prosesidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə Azərbaycanın daxili inkişaf strategiyasının deyil, eyni zamanda, beynəlxalq şəhərsalma siyasətinin yeni istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycan artıq yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də dayanıqlı urbanizasiya və innovativ şəhərsalma modelini formalaşdıran ölkə kimi qlobal gündəmdə yer alır”.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki