image-reklam-veteninfo
image-4backend

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının gələcək perspektivi var      

image-reklam-veteninfo

Son bir neçə ildə Ukraynanın adı gələndə ilk növbədə bu ölkədə qanlı-qadalı müharibə getdiyi yada düşür. Ölkəmiz  uzun illər müharibənin  gətirdiyi  fəlakətdən, itki və ağrılardan  çox əziyyət çəkib. Buna görə və həm də ümumiyyətlə, humanist xalq olduğumuz, dövlətimizin humanist siyasət yeritdiyi üçün müharibədən əziyyət çəkən xalqlara həmişə mənəvi və maddi kömək göstərmişik.

Bu gün də Azərbaycan uzaqlığından, yaxınlığından asılı olmayaraq müharibə fəlakətləri ilə üz-üzü qalan insalara dəstək olur. Bu humanitar dəstək bir neçə formada özünü göstərir. Ukraynalı uşaqlar üçün ölkəmizdə reabilitasiya proqramlarının həyata keçirilməsi buna bir misaldır.  Yaxın vaxtlarda ukraynalı tələbələrin də Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək.

Ukraynada insanlar   enerji sisteminin tez-tez sıradan çıxmasıdan əziyyət çəkirlər. Ölkəmiz Ukraynaya elektrik generatorları göndərərək bu xüsusda da ona kömək əlini uzadır.

Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfəri çərçivəsində  aprelin 25-də Qəbələdə mətbuata verdiyi bəyanatda ölkəsinin enerji  təchizatı üçün belə çox ağır bir dövrdə  bizdən 11 yardım paketi aldıqlarını deyib . Azərbaycana bu yardıma görə öz təşəkkürünü bildirib.

Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”.

İnsanların bir-birilə  əlaqələri   böyük önəm daşıyır. Məlumdur ki, həmin ölkədə böyük Azərbaycan diasporu fəaliyyət göstərir.  Azərbaycanın böyük təcrübəsi də gələcəkdə  Ukraynaya çox lazım  olacaq. Məsələn, mina təmizlənməsi üçün avadanlığın verilməsi məsələsini deyək.

Ölkəmiz gələcəkdə bu məsələyə də öz töhvəsini verə bilərik.  Belə ki, Azərbaycan bərpa və quruculuq sahəsində dünyada unikal təcrübəyə malik ölkədir. Gələcəkdə bərpa və quruculuq layihələrinin reallaşdırılmasında Azərbaycan Ukrayna ilə öz təcrübəsini bölüşə bilər.

Qəbələdəki tədbirlərdə iki ölkə arasında  bir çox istiqamətlər üzrə  əməkdaşlıq edildiyi  vurğulanıb. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, həmin əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, – SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, – eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.

Azərbaycan-Ukrayna  iqtisadi əlaqələri sırasında enerji sahəsində əməkdaşlıq  ön yeri tutur  və həm təcrübəyə, həm də potensiala əsaslanır. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələrinin geniş coğrafiyanı əhatə etdiyi artıq bütün dünyaya bəllidir. SOCAR-ın bir sıra ölkələrdə olduğu kimi, Ukraynada da yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir.

Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşündəki söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

Qəbələ görüşü  bir daha təsdiqləyir ki,Azərbaycanla Ukrayna arasında olan münasibətlər hər iki xalqın maraqlarına uyğun inkişaf etdirilir.

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki