image-reklam-veteninfo
image-4backend

Azərbaycan və İtaliya xalqları arasında əlaqələr qədim tarixə malikdir

image-reklam-veteninfo

Azərbaycan və İtaliya xalqları arasında əlaqələr qədim tarixə malikdir. Belə ki, Bakıdan cəmi 55 km məsafədə yerləşən Qobustan ərazisindəki qayalar üzərindəki qədim latın yazıları Roma imperiyası legionlarının hələ uzaq keçmişdə Azərbaycan ərazisində olduqlarını sübut edir.
Orta əsrlərdə İtaliyadan Azərbaycana çoxlu sayda səyyahlar gəliblər. Onların arasında Marco Polonu xüsusilə qeyd etmək olar. XVI-XVIII əsrlərdə Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında intensiv diplomatik və iqtisadi əlaqələr mövcud olub. 1549-cu ildə Romada Nəsrəddin Tusinin “Təhriri-öqlidis” (“Evklid Başlanğıcının təfsiri”)” əsərinin latın dilində tərcüməsi çap edilib.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası ilə İtaliya arasında diplomatik münasibətlər mövcud olub və İtaliya Bakıda konsulluğunu açıb.
1992-ci il yanvarın 1-də İtaliya Azərbaycanın müstəqilliyini tanıyıb, həmin il mayın 8-də iki dövlət arasında diplomatik münasibətlər yaradılıb. İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarından ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.
25-28 sentyabr 1997-ci ildə Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya prezidenti, baş naziri və digər hakimiyyət nümayəndələri ilə görüşüb. İtaliya rəhbərləri Azərbaycan Prezidenti ilə söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər.
Sonrakı illərdə İtaliya müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə müqavilələr bağlanıb.
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında bu səfərin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağına əminliyini bildirib. Qeyd edilib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. İtaliya işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin böyük tarixi var. XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda italyan arxitektorları tərəfindən müxtəlif binalar tikilib. Dante və Petrarkinin əsərləri Azərbaycan dilinə tərcümə edilib və kütləvi sayda nəşr edilib. Məşhur azərbaycanlı müğənnilər – Şövkət Məmmədova, Bülbül, Müslüm Maqomayev, Azər Zeynalov opera ifaçılığı sənətinin əsaslarına İtaliyada yiyələniblər.
Heydər Əliyevin ilk rəsmi səfəri zamanı 25 sentyabr 1997-ci il tarixində Romada Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində Birgə Bəyannamə, 1 iyun 2002-ci il tarixində isə Bakıda Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında “Mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb.
Münasibətlərin ən mühüm yeniliklərindən biri ötən il oktyabrın 1-də İtaliya-Azərbaycan Universitetinin yaradılması olub. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Bakıda Universitetin ilk tədris korpuslarının açılışı olub. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki