image-2backend

Azərbaycanın BƏƏ ilə dərinləşən əlaqələr gələcəyə hesablanıb

image-reklam_sirab_01

Prezident İlham Əliyevin yanvarın 15-16-da Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür.
Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və keçirdiyi görüşlər heç şübhəsiz ki, bu əlaqələri daha da zirvəyə qaldıracaq, inkişaf etdirəcək.
Ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımlarının, ticari əlaqələrin genişlənməsinin həm iqtisadi, həm də siyasi baxımdan tərəflərə yeni dividendlər qazandırır. Azərbaycan və BƏƏ bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir, ortaq mövqedən çıxış edirlər. Bu da çox önəmli amildir. Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan bəyanatları, əlbəttə ki, məmnunluq yaradır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Burada əsas prioritet istiqamət alternativ enerji mənbələri üzərində iş və yaşıl enerji layihələrinin icrasıdır. BƏƏ-nin nüfuzlu “Masdar” şirkəti ilə müştərək layihələrin perspektivi böyükdür. Bu layihələrlə Azərbaycan dünya enerji bazarında öz rolunu və yerini daha da möhkəmləndirəcək, böyük gəlirlər əldə edəcəkdir.
Qeyd edilib ki, Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Həmçinin Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaqdır.
Bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensial vardır. İkincisi isə, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. BƏƏ ilə dərinləşən hərtərəfli əlaqələr də gələcəyə hesablanıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki