Prezident İlham Əliyev: “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir”
Müasir dünyada iqtisadi sabitlik dövlətlərin siyasi müstəqilliyini, sosial rifahını və beynəlxalq nüfuzunu müəyyən edən əsas amillərdən biridir. Qlobal iqtisadi böhranların, geosiyasi gərginliklərin və maliyyə bazarlarındakı qeyri-müəyyənliklərin artdığı bir şəraitdə iqtisadi dayanıqlığını qoruyan ölkələrin sayı çox deyil. Azərbaycan isə son illərdə həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində həm makroiqtisadi sabitliyi təmin etməyə, həm də beynəlxalq maliyyə institutları qarşısında müstəqil mövqeyini gücləndirməyə nail olub. 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəricilərinin müsbət dinamikasını diqqətə çatdıraraq ölkənin əldə etdiyi uğurların əsas istiqamətlərini açıqladı. Dövlət başçısının səsləndirdiyi rəqəmlər və faktlar Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi inkişaf modelinin səmərəsini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın aparıcı beynəlxalq reytinq agentliklərində mövqeyi ildən-ilə möhkəmlənir. Bu gün ölkənin investisiya dərəcəli reytinqə malik olması beynəlxalq maliyyə dairələrinin Azərbaycan iqtisadiyyatına olan etimadının göstəricisidir. İnvestisiya reytinqi hər hansı ölkənin maliyyə sabitliyini, borc öhdəliklərini yerinə yetirmək imkanlarını və iqtisadi perspektivlərini əks etdirən mühüm göstəricilərdən biridir. Belə bir statusun əldə olunması xarici investorlar üçün ölkənin daha cəlbedici investisiya məkanına çevrilməsi deməkdir. Bu, həm dövlət, həm də özəl sektor üçün əlavə maliyyə imkanları yaradır, iqtisadi artımı stimullaşdırır və yeni iş yerlərinin açılmasına şərait yaradır. Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi tanınması uzunmüddətli iqtisadi siyasətin nəticəsidir. Bu siyasət iqtisadiyyatın şaxələndirilməsi, maliyyə intizamının qorunması və strateji valyuta ehtiyatlarının artırılması kimi mühüm istiqamətləri əhatə edir.
Yoxsulluğun azalması iqtisadi artımın cəmiyyətin müxtəlif təbəqələrinə təsir göstərdiyini nümayiş etdirir. Son illərdə həyata keçirilən sosial proqramlar, əməkhaqlarının və pensiyaların artırılması, regionların inkişafına yönəlmiş dövlət proqramları əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verib. Dövlət başçısının açıqladığı statistik göstəricilər arasında yoxsulluq səviyyəsinin 5 faizə enməsi xüsusi diqqət çəkir. Müstəqilliyin ilk illərində ciddi sosial-iqtisadi problemlərlə üzləşən Azərbaycan bu gün əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edib. İşsizlik səviyyəsinin də təxminən 5 faiz civarında olması ölkədə əmək bazarının sabit inkişaf etdiyini göstərir. Yeni sənaye zonalarının yaradılması, qeyri-neft sektorunun genişlənməsi, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı minlərlə yeni iş yerinin açılmasına səbəb olub. Bu isə sosial sabitliyin və iqtisadi dayanıqlığın mühüm elementlərindən biridir.
Bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 6 faizindən bir qədər çox hissəsini təşkil edir. Bu göstərici beynəlxalq standartlara görə olduqca aşağı səviyyə hesab olunur və dünyanın ən az borclu ölkələri sırasında yer almağa imkan verir. Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycanın xarici borc siyasəti ilə bağlı səsləndirdiyi fikirlər oldu. Dövlət başçısı qeyd etdi ki, ölkə inkişafının ilkin mərhələlərində xarici maliyyə resurslarından istifadə etmək məcburiyyətində qalsa da, sonrakı dövrdə tamamilə fərqli strategiya seçilib. Bu strategiyanın əsas məqsədi yeni borclanmaların minimuma endirilməsi və mövcud borcların mərhələli şəkildə ödənilməsi olub. Nəticədə Azərbaycan beynəlxalq maliyyə institutlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb və öz maliyyə imkanlarına əsaslanan inkişaf modelini formalaşdırıb. Aşağı xarici borc yükü ölkəyə bir sıra mühüm üstünlüklər qazandırır. İlk növbədə, dövlət büdcəsinin böyük hissəsi borcların qaytarılmasına deyil, iqtisadi və sosial layihələrin maliyyələşdirilməsinə yönəldilir. Eyni zamanda, qlobal maliyyə bazarlarında baş verən böhranlar ölkə iqtisadiyyatına daha az təsir göstərir.
Müasir dövrdə iqtisadi müstəqillik siyasi müstəqilliyin ən vacib dayaqlarından biri hesab olunur. Bir çox dövlətlər yüksək xarici borc səbəbindən beynəlxalq maliyyə qurumlarının tövsiyə və tələblərindən asılı vəziyyətə düşürlər. Azərbaycan isə son illərdə həyata keçirdiyi maliyyə siyasəti sayəsində bu riskləri minimuma endirməyi bacarıb. Xarici borcun aşağı səviyyədə saxlanılması, valyuta ehtiyatlarının artırılması və dövlət maliyyəsinin sağlamlaşdırılması ölkənin iqtisadi suverenliyini daha da möhkəmləndirib. Bu siyasət hökumətə iqtisadi qərarları xarici təsirlərdən kənar, milli maraqlar əsasında qəbul etmək imkanı verir.
Azərbaycanın Dövlət Neft Fondunda və Mərkəzi Bankın ehtiyatlarında toplanan maliyyə resursları da ölkənin iqtisadi təhlükəsizlik yastığı rolunu oynayır. Bu ehtiyatlar qlobal iqtisadi təlatümlər zamanı maliyyə sabitliyinin qorunmasında mühüm əhəmiyyət daşıyır. Bu gün əldə olunan makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı gələcək layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Xarici borcun aşağı səviyyədə saxlanılması, yoxsulluğun və işsizliyin minimum həddə enməsi, investisiya reytinqlərinin yüksəlməsi Azərbaycanın iqtisadi uğur modelinin əsas göstəriciləridir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan artıq yalnız enerji resurslarına əsaslanan iqtisadi modeldən daha geniş iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, sənayeləşmə və yaşıl enerji layihələri ölkənin gələcək inkişafının əsas istiqamətlərini təşkil edir.
Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi iqtisadi göstəricilər Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun aydın mənzərəsini ortaya qoyur. Beynəlxalq reytinqlərdə yüksələn mövqe, investisiya cəlbediciliyinin artması, yoxsulluq və işsizliyin azalması, eləcə də xarici borcun minimum səviyyəyə endirilməsi ölkənin güclü iqtisadi təməllər üzərində inkişaf etdiyini göstərir. Bu nəticələr təsadüfi deyil. Onlar uzunmüddətli strateji planlaşdırmanın, maliyyə intizamının və milli maraqlara əsaslanan iqtisadi siyasətin məntiqi nəticəsidir. Azərbaycanın formalaşdırdığı iqtisadi dayanıqlıq modeli həm regionda, həm də beynəlxalq səviyyədə uğurlu inkişaf nümunələrindən biri kimi diqqət çəkir.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


























