image-reklam-veteninfo
image-img-20261001-wa0047backend

Azərbaycanın milli qürur və iftixar tarixi – 1993-cü il 3 oktyabr

image-reklam-veteninfo

1993-cü il 3 oktyabr seçimi: Bu seçim xalqımızın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü olmuşdur. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir zamanda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilmiş, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradıldı.
1993-cü il 3 oktyabr seçimi çağdaş tariximizin qara səhifələrini bağladı və Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Bu səhifə Ulu Öndər Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Xalqımız yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. XX əsrin 80-ci illərin sonlarında uydurulmuş Qarabağ probleminin növbəti fazasını alovlandıran erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edib, davamlı olaraq ölkəmizin müxtəlif bölgələrində ara qarışdırırdılar. Təxribatçılıq müstəvisinə söykənən erməni separatçıları 1990-cı il yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində münaqişələr törədirdilər. Yaranmış vəziyyətdə yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olundu. Bu zaman erməni millətçilərinin Sədərək istiqamətində mütəmadi hücumları başlamış, gərginlik son həddə çatmışdı. 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı faciə ilə Naxçıvan sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi erməni separatçılarının havadarlarının əvvəlcədən hazırladıqları məqsədyönlü plan üzrə cərəyan edirdi. Məqsəd Bakıda Yanvar qırğınlarına diqqətin yönəlməsi fonunda Naxçıvan əhalisi arasında ümidsizlik yaradıb bölgədə etnik təmizləmə aparıb erməni işğalı üçün şərait yaratmaq idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da erməni yaraqlıları təxribatlar törədir, Bakı-Naxçıvan qatarlarını dayandırır, maşinistlətə qarşı vəhşiliklər edirdilər. Nəticədə Naxçıvan blokada vəziyyətinə salınmışdı.
Bütün bu proseslərin arxasında kimin durduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar qırğınlarından sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 1990-cı il 14 dekabr tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ümummilli Lider Heydər Əliyev demişdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır…”
Azərbaycan tarixinin mücadilə və mübarizələrlə dolu çağdaş tariximizin səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda vətən övladlarımızın axıtdıqlan qanlar, verdikləri qurbanlar canlanır, istiqlaliyyətə gedən yolun məşəqqətlərini və azadlığın sevincini yaşadır. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan məkrli əllərin, bədxahların təxribatlarının şahildi olanda anlayırsan ki, istiqlaliyyəti qorumaq onu qazanmaqdan dəfələrlə çətindir.
Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz dərin ixtilaflarla üz-üzə dayanmışdı. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildə əldə edilən müstəqilliyin iflası üçün hazırlanmış layihələr tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, o mürəkkəb dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyət dövründəki kimi olacaqdı.
Bəli, böyük çətinliklə bərpa olunan müstəqilliyimiz Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, əbədilik qazandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə istiqlaliyyətimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərin əvvəllərində dövlət rəhbərlərinin səriştəsiz siyasəti nəticəsində erməni millətçilərinin işğal etdkləri torpaqlarımız Heydər Əliyev ideologiyasına söykənən, Ümummilli Liderin siyasi kursunun və dövlətçilik strategiyasının davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun reallaşması idi.
Unutmaq olmaz ki, istiqlaliyyətimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müasir dövrdə dünya birliyində beynəlxalq aləmin aktoru olaraq müstəqil dövlətimizin nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü dövlətimizin hər bir vətəndaşı üçün əzizidir. Xalqımız mürəkkəb və ziddiyyətli yollarla əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə, öz əzəli torpaqlarını azad etməyə hazır olmuşdur.
Torpaqlarımızın azad olunması günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderin rəhbərliyi ilə reallaşması Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin”,- deyən dövlət başçısının əzmini təsdiqlədi. 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi bu reallığı təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə.
Azərbaycanın döyünən ürəyinə, əzəli torpağına qovuşduğu, Qarabağın ürəyi Şuşanın azad olması, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi. 8 noyabr 2020-ci il Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və qalib Milli Ordumuzun Azərbaycan tarixinə yazdığı yeni salnamə oldu. 2023-cü il antiterror əməliyyatı isə bu salnamənin sahibi olan Azərbaycanımızın qüdrətini dünyaya tanıtdı.
Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu isə ölkəmizdə hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki