2026-cı il 15–17 may tarixlərində Marmara Üniversitesi Siyasal Bilgiler Fakültəsinin ev sahibliyi ilə İstanbul şəhərində keçirilən “5. Uluslararası Katılımlı Türk Dünyası Stratejik Araştırmalar Kongresi” Türk dünyasının ortaq strateji gələcəyi, geosiyasi transformasiyalar və beynəlxalq əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu mühüm elmi platformalardan biri kimi diqqət çəkib. Türk Dünyası Yörük Türkmen Birliyi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TİKA və YTB kimi nüfuzlu qurumların dəstəyi ilə təşkil olunan beynəlxalq tədbirdə müxtəlif ölkələrdən yüzlərlə alim, tədqiqatçı, ekspert və ictimai-siyasi xadim iştirak edib. Konqres çərçivəsində 145-dən çox məruzəçi, 25-dən artıq elmi sessiya və 100-dən çox elmi məruzə təqdim olunub.
Konqresdə Azərbaycan Dövlət İqtisad Universitetini dosent, iqtisad üzrə fəlsəfə doktoru Firuzə Cəfərova təmsil edib. O, Bursa Uludağ Üniversitesi professoru, eyni zamanda Türkiyə Respublikasının Daşkənd Böyükelçiliyinin İletişim Müşaviri Prof. Dr. Mehmet Yücə ilə birlikdə “Türk Dünyasında Enerji Diplomatiyası: Çoxqütblü Qlobal Düzəndə Geoiqtisadi Mövqelənmə və Strateji Təsir” adlı elmi məruzə ilə çıxış edib.
Məruzədə Türk dövlətlərinin enerji ehtiyatları, nəqliyyat-logistika xətləri, geoiqtisadi inteqrasiya imkanları və yeni qlobal siyasi düzəndə formalaşan enerji təhlükəsizliyi məsələləri geniş şəkildə təhlil olunub. Xüsusilə Xəzər hövzəsinin strateji əhəmiyyəti, Orta Dəhliz layihəsi, Türk dövlətləri arasında enerji əməkdaşlığının perspektivləri və enerji diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolu elmi arqumentlər əsasında iştirakçıların diqqətinə çatdırılıb.

Çıxış zamanı vurğulanıb ki, XXI əsrdə enerji yalnız iqtisadi resurs deyil, həm də dövlətlərin geosiyasi təsir imkanlarını müəyyən edən əsas strateji vasitələrdən birinə çevrilib. Türk dünyasının zəngin enerji potensialı və tranzit imkanları isə onu Avrasiya məkanında mühüm geoiqtisadi aktora çevirir. Məruzədə Azərbaycan Respublikasının regional enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol xüsusi qeyd olunub və Bakı-Tbilisi-Ceyhan, TANAP və digər beynəlxalq enerji layihələrinin Türk dünyasının inteqrasiyasına mühüm töhfə verdiyi bildirilib.
Konqres iştirakçıları təqdim olunan məruzəni yüksək qiymətləndirərək, Türk dünyasında enerji diplomatiyasının gələcək inkişaf perspektivləri baxımından mühüm elmi yanaşma kimi dəyərləndiriblər. Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan alimlər arasında yeni akademik əməkdaşlıq əlaqələri və birgə elmi layihələrin formalaşdırılması istiqamətində də müzakirələr aparılıb.
Qeyd edək ki, İstanbulda keçirilən beynəlxalq konqres “Türk Dostluğu Təməlli İş Birliyi: Tarihten Geleceğe Uluslararası İlişkiler Perspektifleri” əsas mövzusu ətrafında təşkil olunub və tədbirdə Türk dünyasının tarixi, siyasi, iqtisadi, enerji, təhlükəsizlik, diplomatiya və mədəni inteqrasiya məsələləri multidissiplinar yanaşma əsasında müzakirə edilib.


























