“Artıq neçə ildir ki, bölgələrdə yaşayan əhali paytaxt Bakıya üz tutur. Bunun əsas səbəbi regionlarda sosial-iqtisadi inkişafın Bakıya nisbətən qat-qat zəif olmasıdır. Ölkədə məskunlaşma və iqtisadi inkişaf planlı şəkildə deyil, xaotik bazar tənzimlənməsinə əsasən həyata keçirilib. Beynəlxalq norma və prinsiplərin təmin olunması arxa planda qalıb. Əmək resursları strateji planlaşma əsasında yerləşdirilməyib. İnvestisiya hara qoyulursa, əmək qüvvəsi də ora axır. Azərbaycanda investisiya neft sektoruna yönəldi, o da Bakı və ətrafında yerləşir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, heç bir xarici investor ölkəyə gələrkən regionların inkişafı, urbanizasiya problemini həll etmək barədə düşünmür:
“Xarici investor harada yaxşı gəlir əldə etmək mümkündür, harada onun fəaliyyəti təminat altındadır, vəsaitini ora yönəldir. Bu baxımdan regionların inkişaf etdirilməsi, əhalinin Bakıya axınının qarşısının alınması vəzifəsi Azərbaycan hökumətinin üzərinə düşür. Dövlət bu və ya digər regiona investisiya yatırmaqla, yaxud xarici investorları müxtəlif güzəştlərlə ora cəlb etməklə iqtisadi inkişafın sürətlənməsinə təkan verə bilər. Ona görə də ölkədə iqtisadi idarəetmədə çox ciddi dəyişikliklər edilməlidir. Əmək qüvvəsinin proporsional paylanması üçün müvafiq şərait yaradılmalıdır”.
Ekspert vurğulayıb ki, Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə bərpa prosesini iri yaşayış məntəqələrinin yaradılması yolu ilə həyata keçirmək niyyətindədir:
“Artıq ilkin mərhələdə bərpa planına daxil edilən 8 rayon mərkəzinin əvvəlkindən bir neçə dəfə çox əhalinin yaşayacağı şəhərlər formasında bərpa ediləcəyi açıqlanıb. Bu, əhalinin Bakıdan regionlara üz tutması üçün yaxşı fürsət yarada bilər”.
Elşad Məmmədovun sözlərinə görə, işğaldan azad edilən 8 şəhər üzrə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxındır:
“Bərpa edilən 8 şəhər ən azı 500 min nəfər əhalinin yaşaya bilməsinə imkan verməlidir. Bu, həm ölkədə urbanizasiyanın səmərəli planlama əsasında sürətləndirilməsi, həm də son 30 ildə faktiki yaşayış yeri kimi iri şəhərləri, xüsusilə Bakı, Sumqayıt və Xırdalanı seçmiş insanlara alternativ seçim imkanı vermək baxımından çox önəmlidir. Hesab edirən ki, əhalisi 100 min nəfərdən çox olan şəhərlərin sayının artması Bakının boşaldılması baxımından çox önəmlidir. Lakin yeni qurulan şəhərlər yüksək sənaye-xidmət imkanları ilə yanaşı mədəni infrastrukturun da yüksək səviyyədə qurulduğu şəhərlər olmalıdır. Paytaxtda 30-dan artıq universitetin müəyyən hissəsini bu şəhərlər üzrə paylaşdırmaq mümkündür. Şəhərin məskunlaşma üçün cəledici olmasında orada təhsil və yaradıcı mühitin yaradılması son dərəcə vacibdir”.