Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi.
Forum keçirilən məkanda Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyevin bildirdiyi kimi: “WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir”.
Ölkə başçısı müsahibəsində öləmizin qarşısında duran əsas vəzifələrdən birinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması olduğunu bildirib. Qarabağ və Şərqi Zəngəzur 30 ilə yaxın Ermənistanın işğalı altında olduğundan orada böyük miqyaslı dağıntılar vardır. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik”.
İlk növbədə bu ərazilərdə elektrik enerjisi ilə təminat məsələlərinə böyük fikir verilib. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.
İşğaldan azad edilən ərazilərdə dəmir yolları, məktəblər, xəstəxanalar – bütün bu işlər paralel şəkildə həyata keçirilir. Hazırda əsas sərmayələr yaşayış sahələrinin tikintisinə yönəldilib. Burada şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr, hər bir kənd üzrə planlar həyata keçirilir. Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycanın təcrübəsi bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.
Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünyada birinci yerdədir və bu rəqəm artmaqdadır. Ümumilikdə 10-u Avropa İttifaqının üzvü olan 12 Avropa ölkəsi Azərbaycandan qaz alır və ölkəmizlə başlamaq istəyən ölkələrin müraciətlərinin sayı artlq.
Bu gün Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Bunu nəzərə alaraq ölkəmiz Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurub.
Bütövlükdə WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir. Bu forum vasitəsilə Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


























