Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, şəhərsalma və dayanıqlı inkişaf sahəsində əldə etdiyi mühüm nailiyyətlərin, eləcə də ölkəmizin müasir inkişaf modelinin növbəti mühüm göstəricisi kimi xüsusi əhəmiyyət kəsb edir.
Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qatıldığı forum miqyası, müzakirə olunan qlobal çağırışların aktuallığı və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrlə diqqət mərkəzindədir. Belə mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin qlobal səviyyədə etibarlı tərəfdaş və mühüm dialoq platforması kimi mövqeyini daha da gücləndirir.
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı vurğulayıb ki, WUF13 ölkəmizdə keçirilən COP29-dan sonra ən böyük beynəlxalq tədbirdir.
Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın şəhərsalma, memarlıq, ekoloji təhlükəsizlik və insan rifahına əsaslanan inkişaf siyasətinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd edib ki, şəhərsalma yalnız infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır, eyni zamanda insanların rahat, təhlükəsiz və müasir şəraitdə yaşamasına xidmət edən strateji dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu yanaşma ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələrdə öz aydın ifadəsini tapır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın qədim memarlıq irsi ilə müasir urbanizasiya arasında formalaşdırdığı harmoniyanın xüsusi vurğulanması olub. Dövlət başçısı Bakının tarix və müasirliyin vəhdətini özündə birləşdirən nadir şəhərlərdən biri olduğunu bildirərək İçərişəhərdən Bakı Bulvarına, XIX əsr Avropa memarlığından müasir şəhərsalma nümunələrinə qədər uzanan inkişaf xəttini Azərbaycanın milli-mədəni kimliyinin mühüm tərkib hissəsi kimi təqdim edib. Bununla yanaşı, forum çərçivəsində ölkəmizin müxtəlif bölgələrinin zəngin tarixi-mədəni irsi də beynəlxalq iştirakçıların diqqətinə çatdırılıb. Tarixi abidələrin bərpası, şəhərlərin memarlıq simasının qorunması və müasir infrastruktura uyğun şəkildə yenidən qurulması Azərbaycanın mədəni irsə verdiyi yüksək dəyərin bariz nümunəsi kimi təqdim olunub.
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunaraq bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qısa müddət ərzində misilsiz yenidənqurma prosesi həyata keçirilir. Həmin ərazilərdə müasir yollar, körpülər, tunellər, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və digər sosial infrastruktur obyektləri inşa olunur. Böyük Qayıdış Proqramı çərçivəsində artıq on minlərlə vətəndaş doğma torpaqlarına qayıdaraq burada yaşayır və fəaliyyət göstərir. Bu proses Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm sosial-humanitar layihələrdən biri kimi xüsusi önəm daşıyır.
WUF13 bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da mühüm təşəbbüslərlə çıxış edən, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən və dayanıqlı inkişaf məsələlərinin həllində fəal iştirak edən dövlətlərdən biridir. Bakı şəhəri isə artıq təkcə siyasi və iqtisadi mərkəz kimi deyil, həm də qlobal urbanizasiya, memarlıq və şəhərsalma gündəliyinin formalaşdırıldığı nüfuzlu beynəlxalq platformalardan birinə çevrilməkdədir. Belə mötəbər forumun ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, strateji əhəmiyyətinin və müasir inkişaf modelinin dünya səviyyəsində yüksək qiymətləndirilməsinin növbəti mühüm göstəricisi kimi dəyərləndirilir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi eyni zamanda Azərbaycanın gələcək inkişaf prioritetlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində aparılan müzakirələr, səsləndirilən fikirlər və təqdim olunan layihələr göstərir ki, Azərbaycan bundan sonra da şəhərsalma, memarlıq, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətində ardıcıl siyasətini davam etdirəcək, insan amilinə əsaslanan müasir inkişaf modeli ilə beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirəcəkdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı


























