image-photo-2021-11-05-16-15-36-1backend

Bayraq mənliyimdir, bayraq kimliyim “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” (Heydər Əliyev)

image-reklam_sirab_01

Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda , Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır.

Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi…

Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.

Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.

162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Ötən əsrin sonlarına doğru üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk inadlı və davamlı cəhdlər görkəmli dövlət xadimi Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir.

Naxçıvanda Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlığını vətəndaş yanğısı və məsuliyyəti ilə davam etdirən ümummilli lider Heydər Əliyevin gördüyü işlərin hər biri tariximizə qızıl hərflərlə yazılmışdır. Öncə Naxçıvan Muxtar Respublikasında, sonra isə bütövlükdə ölkəmizdə qəbul edilən Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Milli dövlətçilik tariximizdə şanlı varislik ənənələrinin bariz nümunəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Ümummilli Liderin bizə ərməğan qoyduğu müasir, müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin milli dövlət rəmzlərini uca tutur və bu ruhu cəmiyyətə aşılayır. Ölkəmizin başçısının dövlət rəmzlərinə, şanlı tariximizdən gələn milli dəyərlərə göstərdiyi hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir və respublikamızda milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amildir. Dövlət bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır, müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir.

Dövlətimizin başçısı daxili və xarici siyasətində hər zaman Azərbaycanın milli maraqlarına önəm verir. Bu siyasətin əsas qayəsini milli kimliyin qorunması ilə müasir ənənələrin ölkəmizdə tətbiqinin vəhdəti təşkil edir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilməsi mühüm əhəmiyyətə malikdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Qürur hissilə qeyd etmək olar ki, bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, uğurlu diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində sürətli inkişaf yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə hörmət edilən ölkəyə çevrilib. Respublikada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər müstəqil Azərbaycan dövlətinin dünyada artan nüfuzunun bariz ifadəsidir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir.

Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Dünya ölkələri Azərbaycanı etibarlı tərəfdaş, multikultural dəyərlər və ənənələrə sadiq, tolerantlıq nümunəsi, sabitlik adası olan bir ölkə kimi görür, Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi qəbul olunur. Məhz dövlətimizin başçısının müdrikliyindən qaynaqlanan ölkəmizin gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü möhkəmləndirməklə yanaşı, əhəmiyyətini artırır.

Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər danılmazdır. Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəqil dövlətimizin yüksək sürətli inkişafı, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə göstərdiyi misilsiz xidmətlər, sülhün, əmin-amanlığın, mərhəmət və xeyirxahlığın ən parlaq nümunəsi kimi zəngin fəaliyyəti müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın və dövlətimizin inkişafına, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına böyük töhfələr verir.

Hər il olduğu kimi bu il də xalqımız öz əziz bayramını – Dövlət Bayrağı Gününü yüksək nailiyyətlərlə qeyd edir. Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışında  dediyi kimi, “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda dalğalanacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”

Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağım mənim qürur və varlığımın təcəssümüdür. Bayrağım dalğalanırsa mən də varam. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir varlıqdır.Məqaləmin sonunu  böyük şairimiz B.Vahabzadənin üçrəngli bayrağımıza özünün, xalqının sevgi və ehtiramını tərənnüm və təbliğ etdiyi «Bayraq» şeiri ilə yekunlaşdırmaq istərdim:

Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!

Bakı Slavyan Universiteti
Musayeva Aydan

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki