image-b2c836b2-9535-4633-8625-47217d9c0d96backend

Bölgədə sülhə təminat verən Şuşa Bəyannaməsi

image-reklam_sirab_01

Adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran Ali Baş Komandan İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra 15 İyun – Milli Qurtuluş Gününü ilk dəfə Şuşada, Cıdır düzündə, Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla bir yerdə qeyd etdi.
Prezidentlərin Şuşa görüşü ilk növbədə regionda yeni qüvvələr nisbətinin, 44 günlük Vətən müharibəsindən sonra yaranmış status-kvonun nümayişi idi. İmzalanan sənəd isə müttəfiqliyin yeni, daha yüksək mərhələyə daxil olması idi.
Təbii ki, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamənin müstəsna siyasi və tarixi əhəmiyyəti var. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə bu dəfə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Belə demək mümkünsə, bir növ bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi.
Bəyannamədə açıq mətnlə bildirilir ki, qardaş Türkiyə Azərbaycanın təhlükəsizliyi üçün hər zaman onun yanında olacaq. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Xüsusi vurğulamaq lazımdır ki, geosiyasi aləmdə ciddi qarşıdurmalar mövcuddur və bu mürəkkəb durumdan mətin şəkildə çıxmaq, ərazi bütövlüyünü, eyni zamanda, milli mənafeləri qorumaq üçün güclü olmaq zərurəti yaranıb. Ona görə də Azərbaycanla qardaş Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində digər bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir.
Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün astanasıdır. Qürurverici amildir ki, Qarabağda və bütün bölgədə güc balansı indi bütövlükdə ölkəmizin xeyrinə dəyişib. Çünki hər zaman Qarabağın əraziləri ilə bağlı məsələlərə yerli-yersiz qarışan ölkələr də artıq geri çəkilmək məcburiyyətindədirlər.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, Azərbaycanla Türkiyənin Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsi İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Ümumiyyətlə, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, torpaqların işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
İyunun 16-da Azərbaycan Respublikasının Milli Məclisindəki tarixi çıxışında Azərbaycan xalqının möhtəşəm Zəfərinin bölgədə daimi sülh və əmin-amanlıq üçün böyük bir fürsət yaratdığını söyləyən Prezident Ərdoğan qeyd etdi ki, Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünya qazanclı çıxacaq. Rəcəb Tayyib Ərdoğan İşğaldan azad olunmuş bölgənin inkişafı, burada rifahın artırılması, əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdə Türkiyənin yaxından iştirak edəcəyini bildirib. Onun fikrincə, Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanıb, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb.
Əraziyə yeni sərmayələrin cəlb edilməsi sayəsində bura inkişaf etmiş turizm məkanına çevriləcək. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcəkdir.
İşğaldan azad edilən ərazilərdə geniş miqyaslı bərpa-tikinti işlərinə dost və qardaş dövlətlərin cəlb edilməsi Qafqazın gələcək inkişafını təmin edən əməkdaşlıq nümunəsidir. Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir.
Beləliklə, iyunun 15-16-da Azərbaycan tarixində yeni səhifə açıldı. Bu tarixi səfərdə bir sıra ilklər qeydə alındı. Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığına dair Bəyannamənin Bakıda deyil, məhz Qarabağın baş tacı olan qədim Şuşada imzalanması da iki qardaş ölkənin Qarabağda daha ciddi proseslərə hazırlaşdığına bir sübutdur.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki