Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatı
Aprel ayının 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olmuşdur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilmişdir.
İlkin araşdırma zamanı məlum olmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunmuşdur.
Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilmişdir.
Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.