image-reklam-veteninfo
image-1777917933_img-20260504-wa0037backend

Bu bəyanat yalan və böhtan aludəçilərinə xəbərdarlıqdır

image-reklam-veteninfo

 Bu günlərdə Ermənistanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir. Tədbir bir çox amillər baxımından diqqət çəkir. Nəzərə alsaq ki, Azərbaycan-Ermənistan münasibətləri 1987-ci ildən indiyədək qlobal siyasətin aparıcı müzakirə mövzularından biri olub və əksər hallarda ondan Cənubi Qafqaza siyasi təsir mexanizmi kimi istifadə edilib, baş tutan toplantı ölkəmiz üçün həm də bu baxış bucağından əhəmiyyətlidir.

     Tədbirin Ermənistanda keçirilməsinə baxmayaraq, əksər Avropa liderlərinin və Avropa İttifaqının (Aİ) yüksəksəviyyəli rəsmilərinin çıxışlarında dönə-dönə Azərbaycana və Azərbaycan Prezidentinə istinad edilməsi bir daha göstərir ki, avropalıların Cənubi Qafqaza dair baxış və hədəflərinin mərkəzində, onların arzu və istəklərindən asılı olmayaraq, yenə də müstəqil Azərbaycan dayanır. Bir çox ekspertlər bu tədbiri gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan hökumətinə siyasi dəstəyin açıq ifadəsi kimi qiymətləndirsələr də, Zirvə toplantısı daha dərin siyasi məqsədləri hədəfləyir. Son onilliklər ərzində, ilk dəfə olaraq, ABŞ-Aİ münasibətlərində açıq fikir ayrılığının üzə çıxdığı, Rusiya-Ukrayna müharibəsinin və Yaxın Şərqdə gərginliyin davam etdiyi şəraitdə, bu toplantı, əslində, Avropanın geosiyasi hədəflərinin konturlarını daha çox üzə çıxarır.

Biz bu tədbiri, ilk növbədə, ölkəmizin maraqları baxımından təhlil etməliyik. Avropalı liderlərin bir çoxu bəyan etsə də ki, onlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirlər, Avropa Parlamentinin və AŞPA-nın son beş ildə Azərbaycana qarşı qəbul etdiyi əsassız qətnamələr həmin bəyanatların səmimiliyinə yalnız kölgə salır. Avropa Parlamentinin 30 aprel tarixli, sayca 14-cü qətnaməsində ölkəmizə qarşı irəli sürülən növbəti qərəzli iddialar Azərbaycanın məqsədli şəkildə hədəf seçildiyini təsdiq edir. Bu müddəaların hər biri mövcud reallığı təhrif etməklə yanaşı, Azərbaycan Prezidentinin siyasi iradəsi və təşəbbüsü ilə başlanılan sülh prosesini də görməzdən gəlir, iki ölkə arasına qurulmaqda olan etimad mühitinə yalnız zərbə vurur.

Bu cür Avropa təsisatlarında sağlam məntiqin “ipucunun” itirilməsinə ən çox o dəlalət edir ki, onlar etnik və dini zəmində bölücülüyü, təhlükəli qarşıdurmanı təşviq edən cahil, dünyəvi dəyərlərlə yanaşı, beynəlxalq hüquqa da zidd olan utancverici arqumentləri açıq şəkildə dilə gətirməkdən artıq çəkinmirlər. Necə ola bilər ki, başqa coğrafiyalarda, o cümlədən Ukraynada separatçıların nəinki həbsini, hətta fiziki cəhətdən məhvini təqdir edənlər Azərbaycana gəldikdə, məhkum olunmuş erməni separatçılarını utanmadan “müharibə əsiri”, “siyasi məhbus” və hətta “girov” adlandırırlar? Yaxud, hansı sağlam məntiqlə izah oluna bilər ki, belələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə guya dəstək verdiklərini bəyan etdikləri halda, qətnamələrində artıq mövcud olmayan toponimlərə, o cümlədən keçmiş “Dağlıq Qarabağ” ifadəsinə yer verirlər? Bu, təkcə hüquqi nihilizm məsələsi deyil, həm də növbəti dəfə ən bəsit siyasi riyakarlıq nümunəsidir!

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına videobağlantı formatında qoşularaq bu cür təhlükəli siyasi riyakarlığın və ayrı-seçkiliyin yolverilməz olduğunu, onun Azərbaycan tərəfindən heç vaxt qəbul edilməyəcəyini beynəlxalq ictimaiyyətin diqqətinə növbəti dəfə açıq mətnlə çatdırdı: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra-2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir… Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.

Bu bəyanat yalan və böhtan, şantaj və çirkin qarayaxma aludəçilərinə həm də onun xəbərdarlığıdır ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı reallığı nəzərə almadan və ona hörmət etmədən, kimlərinsə bu coğrafiyada dayanıqlı maraqları barədə düşünməsi sadəlövhlükdən başqa bir şey deyil. Heç bir qərəzli qətnamə və ya pafoslu bəyanat mövcud reallığı dəyişdirə bilməyəcək! Eyni zamanda, heç kim xülyalara qapılaraq düşünməsin ki, Prezident İlham Əliyevin növbəti bəyanatının söykəndiyi geosiyasi reallığı da poza biləcək: “Sülh şəraitində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək”.

Ülvi Quliyev

Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki