Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında mötəbər yer tutan görkəmli ədib və teatr xadimi Hidayət Orucov ömrünün hər anını xalq və vətən yolunda xidmətdə bulunmuş böyük ziyalı kimi tanınır. Ləyaqətli insan ömrü yaşayan, bu ömrün zamandan-zamana təsdiqi və təntənəsini yaratdığı əsərlərində və öz həyat kredosunda əks etdirən Hidayətin pyeslərinin səhnə təcəssümü hər zaman maraqla qarşılanmışdır.
Aprelin 19-da Səməd Vurğun adına Akademik Dövlət Rus Dram Teatrında “Buradan min atlı keçdi” iki hissəli tarixi-xronoloji dramı onun yaradıcılığını izləyən pərəstişkarları tərəfindən böyük məhəbbətlə izləndi.
Vaxtilə İrəvanda yaşayarkən on altı il İrəvan Azərbaycan Dram Teatrına rəhbərlik etmiş Hidayət bu teatrın doğma müəllifi hesab olunur. Elə bu səbəbdəndir ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” iki hissəli tarixi-xronoloji dramını zaman-zaman, böyük şərəflə teatrsevərlərə təqdim edir.
Premyerası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (2 dekabr 2014-cü il) və Azərbaycan Dövlət Musiqili Teatrının səhnələrində (8 dekabr 2014-cü il) baş tutan tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı Ulu Öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri və ekstremistləri ilə gərgin mübarizəsini əks etdirir.
Tamaşadakı hadisələr 1968-ci ildən bu günümüzə qədərki bir dövrü əhatə edir. Əsərdə tarixən əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda azəri türklərinin yaşadığı ictimai-siyasi şərait, ədəbi-mədəni mühit, İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti, bütövlükdə azərbaycanlıların on illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizə qələmə alınıb.
Ömrünün böyük bir hissəsini o torpaqlarda yaşamış dramaturq “Burdan min atli keçdi” dramında (məlumat üçün qeyd edək ki, əsər eyni adli roman əsasında səhnələşdirilib) şəxsən özünün gördüyü, iştirakçısı olduğu hadisələri, erməni irticasına qarşı mətanətlə döyüşən, mübarizə aparan vətən oğullarının rəşadət və dəyanətini əks etdirən səhnələri ustalıqla əks etdirib. “Üz tutaq tarixin dərin qatlarına. Üz tutaq İrəvan dediyimiz o ulu torpaqlara. O zamanlar ki, hələ sovetin bayrağı erməni başı üzərindəydi. Hələ erməni şovinizmi yenicə ayaq açırdı. Ancaq bizim üçün vacib olan o ulu torpaqlarda yaşayan həmvətənlərimizin erməni şovinistlərinə qarşı apardıqları intellekt mübarizəsidir…” söyləyən müəllif bu mübarizənin ön cərgəsində isə Azərbaycan xalqının Böyük Oğlu Heydər Əliyevin dayandığına diqqət yönəldir.
Dövlət sifarişilə hazırlanan tamaşaya H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, xalq artisti Firudin Məhərrəmov quruluş verib. Rejissorun verdiyi mizanlar çox dəqiqliklə əsərin ideya məzmununun açılmasına yönəldilib. Rejissor dəst-xətti, rejissor düşüncəsi, ideyası tamaşanın hər bir nöqtəsində, aktyor oyununun bütün məqamlarında özünü aydın hiss etdirir. Onu da deyək ki, səhnə əsərində İrəvan, Gənc Tamaşaçılar, Şuşa və Sumqayıt teatrlarının aktyorları yaddaqalan obrazlar yaradırlar. Belə fərqli amplualı aktyor ansamblı ilə bir səhnəni paylaşmaq özü də sənətkar ustalığının və peşəkarlığının təsdiqidir.
Əsərin baş qəhrəmanı Heydər Əliyev obrazını əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, İrəvan teatrının direktoru, teatr və kinoda, bədii seriallarda oynadığıı neçə-neçə yaddaqalan obrazları ilə tamaşaçı sevgisi qazanmış İftixar Piriyev məharətlə yaradır. Onun ifasında Heydər Əliyev obrazı möhtəşəmliyi ilə qəlblərə yol açır. Aktyor Ulu Öndərin yerişini, duruşunu, maneralarını, əl hərəkətlərini, səsinin tembrini, nitqindəki pauzaları, mimikasını, jestlərin, sözlərin, ifadələrin deyilişindəki xırdalıqları çox incə və dəqiq ştrixlərlə təqdim edir. Bu, əlbəttə ki, aktyorun mükəmməl sənətkar peşəkarlığı ilə obrazın daxilinə nüfuzetmə bacarığının bariz nümunəsidir. Aktyor xalqımızın Ümummilli Lideri Heydər Əliyevin görünüşündə obrazın daxili yaşantılarına daha cox diqqət yetirir, nəbzi vətənin nəbzi ilə vuran dahini məhz həyatda olduğu kimi yarada bilir.
Qeyd edək ki, əsərdə müəllif Heydər Əliyev obrazını erməni şovinistləri ilə daha gərgin, daha təhlükəli mübarizələr fonunda, həm də hələ o illərdə xalqımız üçün başlanan və gələcəkdə torpaq iddiaları adı altında soyqırım fəlakətlərinin, əzəli yurd yerlərimizdən deportasiyaların o dəhşət və vəhşətlərini öz iti ağlı, uzaqgörən siyasəti ilə duymasını çox böyük dərinliklə çatdırır. Ulu Öndərin Koçinyanla telefon danışıqları, sonradan sərhəddə Qazax və Dilicanda görüşü, sonrakı illərdə Qarabağ uğrunda Koçinyanın gizli danışıqları, Suslovla olan dialoq səhnəsində onu müdrükcəsinə ifşa etməsi, Liqaçovla görüş səhnəsində rəqibin təhdidinə qarşı cəsarətli çıxışı, və ən nəhayət, finalda ərazi bütövlüyümüzün qorunması naminə xalqımıza verdiyi tövsiyələr müəllifin yüksək vətəndaşlıq məqsədindən xəbər verir. Tamaşada teatrlarımızın peşəkar aktyorları öz bacarıqlarını maksimum dərəcədə göstərirlər. Erməni millətçilərinin bədii obrazlarını ustalıqla yaradan əməkdar aktyor truppası bir-birini əvəz edən səhnələrdə bir neçə mürəkkəb obrazda öz istedadlarını nümayiş etdirirlər.
Tamaşanın uğurlu alınmasında bədii tərtibatın da özünəməxsus yeri vardır. Xüsusilə tamaşa öncəsi səhnədə asılmış İrəvan xəritəsi və qədim İrəvan bayrağı, həmçinin hadisələrin baş verdiyi məkanlar olduqca dinamik və funksional şəkildə təqdim edilir. Bu isə tamaşanı izləyənləri sanki hadisələrin içinə daxil edir, reallığı yaşadır.
Hidayət Orucovun “Buradan min atlı keçdi” əsəri daim gündəmdə qalan və milli dövlətçilik dəyərlərimizi təbliğ edən mühüm faktor kimi maraqla izlənilməkdə, böyük ovasiyalarla, anlşlaqlarla davam edir.
Onu da qeyd edək ki, artıq bu əsər öz tarixi aspektləri ilə paralel olaraq həm də Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı və siyasi varisi, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış 44 günlük Zəfər yolunun mədəniyyət və yaradıcılıq sintezi kimi qiymətləndirilir və xüsusilə, işğaldan azad edilmiş torpaqlarımız üçün qalibiyyət simvolu rolunu oynayır./sia.az