image-reklam-veteninfo
image-1backend

“Turan” hərbi yataqxanasında qalmaqal

image-reklam-veteninfo

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasında yaşayan Mehparə Məmmədova Musavat.com-a müraciət edərək illərlə yaşadığı mənzildən çıxarılması ilə bağlı ciddi narazılığını ifadə edib. Onun sözlərinə görə, təkcə özü deyil, eyni vəziyyətlə üzləşən təxminən 50-yə yaxın ailə hazırda qeyri-müəyyənlik və çıxılmaz vəziyyət içindədir.

Şikayətçi bildirir ki, uzun illər Müdafiə Nazirliyi sistemində mülki işçi kimi fəaliyyət göstərib. 1996-cı ildən etibarən nazirlikdə çalışdığını deyən Mehparə Məmmədova hazırda yaş həddi ilə əlaqədar təqaüdə çıxıb və 65 yaşdan yuxarıdır.

Onun sözlərinə görə, 2008-ci ildən etibarən nazirliyin tabeliyində olan “Turan” hərbi yataqxanasında rəsmi icazə ilə məskunlaşıb: 

“Bu bina 2003-cü ildə əsaslı təmir olunub, 2005-ci ildən etibarən isə yenidən sakinlərin istifadəsinə verilib. O vaxtdan burada əsasən hərbçilərin ailələri və nazirliyin mülki işçiləri yerləşdirilib. Biz də mənzil istismar idarəsinin rəsmi icazəsi ilə burada yaşamışıq. İcazə olmadan bu binada yaşamaq mümkün deyildi”.

Mehparə Məmmədova qeyd edir ki, o, uzun illər həmin yataqxanada həm də mühasib vəzifəsində çalışıb və binanın idarə olunmasında yaxından iştirak edib. Lakin son vaxtlar vəziyyət kəskin şəkildə dəyişib. Onun sözlərinə görə, sakinlərə rəsmi şəkildə binanı tərk etmələri barədə göstəriş verilib:

“Bizə bildirildi ki, mənzilləri boşaltmalıyıq. Çıxmaqdan imtina etdikdə isə məsələ məhkəməyə çıxarıldı. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılma qərarı təsdiqləndi. Artıq bizə deyilir ki, mütləq şəkildə binanı tərk etməliyik”.

Şikayətçinin sözlərinə görə, hərbi qulluqçular mənzil növbəsinə götürülür, onlara kirayə haqqı və ya xidməti mənzillər təqdim olunur. Lakin mülki işçilər bu imtiyazlardan tamamilə kənarda qalır:

“Hərbçilərə əlavə olaraq kirayə pulu verilir, yaxud xidməti mənzillərlə təmin olunurlar. Amma biz, illərlə bu sistemdə çalışmış mülki işçilər heç bir dəstək almırıq. Nə kirayə haqqı verilir, nə də alternativ yaşayış sahəsi təqdim olunur. Bu isə bizi faktiki olaraq küçədə qalmaq təhlükəsi ilə üz-üzə qoyur”.

Mehparə Məmmədova hazırda yataqxanada yaşayan ailələrin əksəriyyətinin sosial vəziyyətinin ağır olduğu deyib. Onun sözlərin görə bina sakinlərinin bir çoxu pensiyaçı, aztəminatlı və ya uzun illər dövlət qurumlarında çalışmış şəxslərdir. Bu səbəbdən də qəfil çıxarılma qərarı onların həyatında ciddi sosial sarsıntıya səbəb olub.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, məhkəmənin qərarına uyğun tədbirlər görülür.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki