image-16662673814377327105_1000x669backend

Cavanşir Feyziyev: Zəngilan keçmişdə olduğu kimi, indi də Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir

image-reklam_sirab_01

Bu gün Zəngilanın işğaldan azad olunmasından iki il ötür. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Həmin vaxta sayı 45 mindən çox olan Zəngilan əhalisi işğaldan sonra ölkəmizin 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur olmuşdu. 2020-ci il oktyabrın 20-də Vətən müharibəsinin alovu Zəngilana da çatdı və 27 il düşmən işğalı altında qalmış qədim Zəngilan torpaqları müzəffər Ordumuz tərəfindən azad edildi.

Vaxtilə Gəncə quberniyasının tərkibində olan Zəngəzur qəzası Qubadlı, Laçın, Zəngilan, Qafan, Mehri və Sisyan rayonlarını əhatə edirdi və bütün dünya tərəfindən tarixi türk torpaqları kimi tanınırdı. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin tanınması müqabilində öz dövlətini elan etmək üçün İrəvan ərazisini əldə edən ermənilər elə o zamandan ətraf bölgələrə, o cümlədən Zəngəzur qəzasına göz dikmişdilər. Tarixdə ilk dəfə öz dövlətini elan etmiş ermənilər imperiyaya köpək sədaqətini göstərmək üçün Rusiyada hakimiyyətə gəlmiş bolşeviklərə Cənubi Qafqazı işğal etmək üçün hər cür yardım göstərirdilər.

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O bildirib ki, 1920-ci il aprelin 28-də müstəqil Azərbaycanın işğalından sonra ermənilər metropoliyadan öz mükafatını tələb etməyə başladılar. Lenin hakimiyyəti Zəngəzur qəzasının yalnız 3 bölgəsini – Laçın, Qubadlı və Zəngilan rayonlarını Azərbaycan ərazisində saxlamaqla Zəngəzur torpaqlarının şimal-qərb hissəsini sovet Ermənistanına birləşdirdi. Bununla da ərazinin tarixi, iqtisadi və demoqrafik tarazlığı pozuldu və ermənilərin gələcəkdə daha geniş ərazilərə iddia etməsi üçün zəmin yarandı.

“2020-ci il oktyabrın 20-də erməni işğalından azad olunmuş Zəngilanın ilk görüntüləri ürək ağrıdıcı idi. Digər bölgələrimizdə olduğu kimi, erməni vandalları Zəngilanı da yerlə yeksan edib, yüzlərlə tarixi-mədəni abidələrimizi, o cümlədən bəzilərinin tarixi bizim eradan əvvəlki dövrlərə aid olan qədim nekropolları dağıdıb, Zəngilan ərazisindəki faydalı qazıntı yataqlarını qeyri-leqal olaraq vəhşicəsinə istismar ediblər. Rayon ərazisi vulkanik materiallarla yanaşı, həm də bir sıra faydalı qazıntılarla – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı və susuzlaşdırılmış soda üçün əhəng daşı ilə zəngindir. Rayon ərazisindən keçən bol sulu Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları işğal dövründə həddindən artıq çirkləndirilmişdi. Rayonun meşə örtüyü qırılıb yandırılmış, bütövlükdə bölgənin ekologiyasına uzun müddət bərpa oluna bilməyəcək dərəcədə ziyan vurulmuşdu.

Zəngilanın işğaldan azad edilməsi xalqımızın mənəvi bütövlüyünün bərpası demək idi. Zəngilanın işğaldan azad olunması ilə 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi. İndi Xudafərin körpüsünün hər iki tərəfindən doğma qardaşlar bir-birinə boylanıb sevinə bilirlər. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi mühəndis-istehkam qurğuları tikildi və geniş miqyaslı sərhəd mühafizə tədbirləri görüldü. Bu gün İran-Azərbaycan sərhədi sülh və əmin-amanlıq sərhədidir”, – deyə C.Feyziyev qeyd edib.

Deputat diqqətə çatdırıb ki, Zəngilan indi də keçmişdə olduğu kimi Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir. Zəngilandan keçəcək Zəngəzur dəhlizi ölkəmizin qərb bölgələrini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək. Bu dəhlizin açılması ilə uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasının nəinki qərb bölgələrimizlə, eyni zamanda, bütün bölgə dövlətləri ilə birbaşa əlaqəsi təmin olunacaq. Bu, həm də tarixi Azərbaycan ərazisi olan qədim Zəngəzura yenidən qayıdışımızı təmin edəcək.

Hazırda tikintisi sürətlə aparılan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu Böyük İpək Yolunun bərpasını təmin edəcək Zəngəzur dəhlizinin vacib seqmentidir. Dəhlizin açılması strateji məqsədlərimizə xidmət etməklə yanaşı, həm də geniş iqtisadi perspektivlər açacaq.

“Azad Zəngilan Böyük Qayıdışın ilk ünvanlarından biridir. Vətən müharibəsindən dərhal sonra başlanılmış bərpa-quruculuq işləri sürətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi iştirakı və nəzarəti altında Zəngilanda aparılan quruculuq işləri müasirliyi və innovativliyi ilə bir çox dünya ölkələrinin də diqqətini cəlb edir. Ölkəmizdə ilk “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının məhz Zəngilanda tətbiq olunması, bütövlükdə rayonun “yaşıl enerji” zonasına çevrilməsi ilə Zəngilan dünyanın ən müasir yaşayış məntəqələrindən biri olacaq. Zəngilanda hava limanının tikilməsi isə tezliklə bölgəni tanınmış turizm ünvanlarından birinə çevirəcək”, – deyə o qeyd edib.

Deputat qeyd edib ki, 27 ilin həsrəti başa çatmaq üzrədir. Zəngilan sakinləri artıq evlərinə qayıdırlar. Tezliklə bu torpaqlarda qurulacaq toy-büsat məclisləri, el şənlikləri, mədəniyyət tədbirləri Zəngəzuru yeni və azad həyata qaytaracaq. Bu azadlıq bir də heç zaman itirilməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki