Qazaxıstan polisi yanacaq və sürtkü yağlarının Rusiyaya qanunsuz ixracının qarşısını almaq üçün Rusiya ilə sərhəddəki nəqliyyat vasitələrinin yoxlama məntəqələrinin yaxınlığında 59 məntəqə yerləşdirib.
Bu barədə 9 iyul, cümə axşamı günü Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Xidmət bildirib ki, bu məntəqələrdə polis əməkdaşları digər “maraqlı dövlət qurumlarının” əməkdaşları ilə birlikdə sərhədi keçən nəqliyyat vasitələrini yoxlayır.
Qeyd edək ki, Qazaxıstanda yanacağın bir litri 45-55 Rusiya rubluna (0.99-1.21 AZN) başa gəlir, Rusiyada isə orta qiymət artıq 1 litr üçün 120-150 rublu (2.65-3.31 AZN) keçib, bəzi bölgələrdə isə alverçılər 95 markalı benzini 300 rubla (6.62 AZN) satırlar.
Yerli Kaktus.media nəşrinin məlumatına görə, iyun ayının sonunda ölkə hakimiyyəti yanacaq çatışmazlığının qarşısını almaq üçün daha sərt sərhəd nəzarəti tətbiq etməyi əmr edib. Yanacağın qanunsuz ixracının qarşısını almaq üçün Qazaxıstan qonşu ölkələrdən yük maşınlarının və sərnişin nəqliyyat vasitələrinin giriş-çıxışını gündə bir dəfə ilə məhdudlaşdırıb.
İyulun 7-də Qazaxıstanın energetika nazirinin müavini Kaiyrxan Tutkışbayev bildirib ki, ölkə hakimiyyəti Rusiyadakı yanacaq böhranı fonunda benzin çatışmazlığı gözləmir.
May ayının sonundan bəri, Ukraynanın neft emalı zavodlarına və yanacaq-enerji müəssisələrinə intensiv hücumları fonunda Rusiyada benzin və dizel yanacağı çatışmazlığı yaşanır. Çatışmazlıq səbəbindən sakinlər saatlarla yanacaqdoldurma məntəqələrində növbədə gözləmək məcburiyyətində qalırlar və bir çox məntəqələr tamamilə bağlanıb.
İyulun əvvəlinə qədər Ukraynanın işğal olunmuş əraziləri də daxil olmaqla, yanacaq satışı ilə bağlı müəyyən tədbirlərin tətbiq olunduğu bölgələrin sayı 60-a yaxınlaşıb.
Azərbaycanın, bəzi narazılıqlara rəğmən, quru sərhədlərinin qapalı qalması ölkəni Rusiyanın benzin “basqınçılarından” xilas edir.


























