image-photo_112656backend

“Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq öz aktuallığını itirib

image-reklam_sirab_01

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir… Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa – olsun azad edəcəkdir.” (Heydər ƏLİYEV)

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri – Şəki bölgəsi, Gəncə şəhəri – Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.
“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.
Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş “Dağlıq Qarabağ problemi”nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Yuxarıda Qarabağ adının etimologiyası, sərhədləri və s… qeyd olunub. Qarabağ əzəldən bəri Azərbaycanın, bizim yurdun ayrılmaz bir hissəsi olub. Tarix boyu yağlı tikə olan Azərbaycan ,döyüş meydanı olmuşdur. Böyük dövlətlərin ələ keçirmək istədiyi bu zəngin ölkə ( təbbi şəraiti, nefti, təbiəti və s…) hər zaman müharibələrə soyqrımlara məruz qalıb. Ermənistanın vəhşicəsinə işğal etdiyi bu ərazi illərdir hər bir Azərbaycan vətandaşının ürək yarası idi. Törətdikləri soyqrımlar, talan etdikləri şəhərlər, kadrlarda görünən vicdansızcasına qətillər dəhşət… sadəcə dəhşətdir…
• Münaqişənin tarixi:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu. Ta ki o zamandan torpaqlarımıza köç etmiş köç salmaq niyyətində olmuşlardır. Uzun illər davam edən bu münaqişə 90- cı illərdə dahada şiddətləndi.
18 oktyabr 1991-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi. 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər.İnsanların ürəyinə qorxu salaraq və dəhşətli qırğın qarşısında vahimə və qorxu yaradaraq, Xocalı şəhəri Azərbaycan ərazilərinin sonrakı işğalı və etnik təmizləməsi üçün mərhələ kimi seçilmişdi. 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər və digər şəhərlərimizi…
Münaqişə illərlə davam etdi. Artıq burda kök saldıqlarını düşünən, ərazilərə yiyələndiklərini düşünən bu xalq belə olmayan toplum Azərbyacan millətinin , hakimiyyətinin şücaətini, vətənə sevgisini , yurdunu heç bir zaman yağılara verməyəcəyini unutmuşdu. Bir gün bu münaqişənin məğlubu ıolacağını düşünmürdülər.
Artıq zaman yetmiş, dəmir yumruq işə başlamışdı. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında başladı. İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və sonda zəfər bizim oldu.Ədalət yerini tapmışdı . Böyük dövlətlərin təyziqlərinə baxmayaraq daim irəli getdik. Vətən sevgisi, torpaq sevgisi, millətə bağlılıq hər bir igidimizin gücü idi. Qələbə çətinliklə, igidlərimizin qanı, canı bahasına oldu. Gözü yaşlı anaların, ata deyə səslənən körpələrin, gözü yolda qalan şəhid yaralarının acısına rəğməndə olsa Qələbə bizim oldu və beləliklə Qarabağ münaqişəsi öz aktuallığını itirdi. Öz elinə – obasına qayıtdı. Yuxarıda Ümumumilli liderimizin bir sözünü qeyd etmişdim bəli , nəyin bahasına olursa olsun biz torpaqlarımızı azad etdik.

Qarabağ bizim cənnət güşəmizdir. Hər qarışı Şəhidlərimizin qanı , hər addımı qazilərimizin ayaq izləri , hər tərəfi igidlərimizin şücaətidir. Qarabağ bizim təskinliyimiz, yaralarımızın dərmanısan.Qarbağ sən bizimsən.., Sən Azərbaycansan…
Azərbaycan Dillər Universiteti
Orucova Fatimə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki