“Bu gün bölgəyə sülhün gəlməsinə, münasibətlərin normallaşmasına ən çox mane olan Fransa və Fransanın prezidenti Emmanuel Makrondur”.
Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
“Bəzi Fransa siyasətçiləri də açıq şəkildə qeyd edirlər ki, Emmanuel Makron artıq özünü fransızların deyil, ermənilərin prezidenti kimi aparır. Əgər Fransanın ikinci erməni dövləti qurmaq niyyəti varsa, bunu Marsel şəhərində edə bilər. Bu gün ermənilər Marsel şəhərinə də iddia edirlər. Şərait yaratsınlar orada ikinci erməni dövlətini qursunlar. Əgər Fransa belə prosesə töhfə vermək niyyətində idisə, niyə 30 il müddətində ATƏT çərçivəsində bu canfəşanlığı göstərmədi.
Mən erməni vəhşiliyinin, barbarlığının şahidi kimi Fransa Senatına belə bir təklif vermək istəyirəm. Əgər siz həqiqi barbarlığı, soyqırımı görmək istəyirsinizə, gəlin, mən sizə göstərim ermənilər on min kvadratmetr kilometr ərazini, mənim doğulub başa çatdığım evi necə barbarcasına dağıdıblar, babamın, nənəmin və digər doğmalarımızın qəbrini goreşən kimi eşiblər. Bu vəhşiliyin miqyası o dərəcədədir ki, mən öz evimi tapa bilmirəm. Fransa bilməlidir ki, Azərbaycan yenə bu cəhdlərin qarşısını qətiyyətlə alacaq, hər dəfə burnu yenidən əziləcək”, – deyə deputat Fransa rəhbərliyinə çağırış edib.