image-photo-2022-04-23-11-59-15backend

Əməkdaşlığı təkminləşdirən addım-“Azərbaycan Qırğız Respublikası 20 aprel bəyanatı”

image-reklam_sirab_01

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir.Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır.Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Azərbaycanlılar əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlamışlar.

İkitərəfli siyasi münasibətlər: Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.

Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib. Ölkə başçısı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib. Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilib. Səfər çərçivəsində Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.

11 noyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.

1997-ci il aprelin 23-də Qırğızıstan prezidenti Əsgər Akayev Azərbaycan prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfərini edib. Prezident Heydər Əliyev və Prezident Əsgər Akayevin təkbətək görüşü olub. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Sonra isə nümayəndə heyətinin iştirakı ilə Azərbaycan – Qırğızıstan danışıqları keçirilib. Danışıqlar zamanı prezident Heydər Əliyev nitq söyləyib: “… Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir… “. Qırğızıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş, turizm sahəsində əməkdaşlıq haqqında Sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb. Sənədlərin imzalanmasından sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.

1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən TRACECA proqramı çərçivəsində Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində Qırğızıstan Prezidenti Əsgər Akayev də iştirak edib. Konfransda “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri imzalanıb.

Bundan başqa, Əsgər Akayev 2000-ci il aprelin 8-9-da Türkdilli Dövlət Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşündə və “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubiley tədbirlərində iştirak edib. Zirvə görüşündə prezident Əsgər Akayev nitq söyləyib.

25 yanvar 2000-ci ildə Moskvada keçirilən MDB iştirakçı dövlətlərinin Dövlət başçıları şurasının ıclasında prezident Heydər Əliyevlə prezident Əsgər Akayevin növbəti görüşü baş tutub.

26-27 aprel 2001-ci il tarixlərində İstanbulda kecirilmis Turkdilli Dovlət Bascılarının Zirvə görüşündə və 1-3 avqust 2001-ci ildə Soçi səhərində MDB ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə prezident Heydər Əliyev prezident Ə.Akayev ilə görüşüb.

10 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı Qırğızıstan prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı Qırğızıstan prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq deyib ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ən ağrılı problemi olduğunu söyləyərək vurğulayıb ki, dövlət başçısı kimi o, bütün görüşlərində və çıxışlarında bu məsələni ön plana çəkir. Azərbaycan Prezidenti BMT-nin Baş katibi ilə görüşündə də Dağlıq Qarabağ probleminin həllini əsas məsələ kimi qaldırdığını bildirib.

2 iyun 2004-cü il tarixində Qırğızıstanın müdafiə naziri E.Topoyev Bakıda rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan və Qırğızıstan arasında hərbi sahədə əməkdaslıq haqqında Sazis” imzalanıb. Müdafiə naziri E.Topoyev Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

15 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın Dövlət katibi Dastan Sarıqulovu qəbul edib. Görüş zamanı Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin müxtəlif sahələri ilə bağlı məsələlər müzakirə edilib.

17 noyabr 2006-cı il tarixində Antalyada keçirilən türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev Qırğızıstan prezidenti K.Bakiyev ilə görüşüb. Görüşdə energetika sahəsində əməkdaşlığın mümkünlüyü vurğulanıb və Prezident K.Bakiyev Azərbaycanın energetika sahəsindəki təcrübəsindən istifadə edilməsinin faydalı olduğunu bildirib. Prezidentlər Türkdilli Ölkələrin Dövlət Başçılarının VIII zirvə görüşünün keçirilməsinin çox əhəmiyyətli olduğunu, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd ediblər.

3 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu zirvə görüşü keçirilib. Zirvə görüşündə Qırğızıstan Prezidenti K.Bakiyev bildirib ki, türkdilli ölkələrin əməkdaşlıq şurasının yaradılması haqqında saziş türkdilli dövlətlərin birləşməsi üçün unikal şans verir. Zirvə görüşünün sonunda prezidentlər Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini və türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısının yekunu olaraq Naxçıvan Bəyannaməsini imzalayıblar

İqtisadi əlaqələr: 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında Sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər yüksək səviyyədə deyil.
2009-cu ildə AzərbaycanınQırğızıstanla ticarət əlaqələri (min ABŞ dolları ilə) qeyd edilən kimi olub: İdxal 7 51,6; ixrac 4 558,5; xarici ticarət saldosu 3 806,9.

Mədəni əlaqələr: Azərbaycan və qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Bu xalqlar arasında mədəni əlaqələr inkişaf etməkdədir. 9 aprel 2000-ci ildə Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi mərasimində Qırğız Respublikasının Prezidenti Ə.Akayev iştirak edib. Azərbaycan nümayəndə heyəti isə 2000-ci ilin payızında Qırğızıstanın Oş səhərinin 3000 illiyində iştirak edib.

16 yanvar 2001-ci ildə TURKSOY-un Daimi Şurasının XV iclasında iştirak etmək ucun Qırğızıstanın Təhsil, Elm və Mədəniyyət Nazirliyinin komitə sədri E.Abdukarimov Bakıda olub. Tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qəbul edib.

5-8 sentyabr 2006-cı il tarixlərində Bakıda kecirilən “Sərq-Qərb” kinofestivalında Qırğızıstan və Qazaxıstan kinematoqrafçılarının birgə istehsalı etdiyi “Cənnət quşları” kinofilmi nümayiş etdirilib.

2008-ci ilin fevral-mart aylarında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlər keçirilib. Prezident İlham Əliyev Ç.Aytmatovu Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Qırğız şairi Eqemberdi Ermatov dahi şairimiz Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini qırğız dilinə tərcümə edib. 2008-ci ildə Bişkekdəki “Salam” nəşrlər evi “Azərbaycanlılar Qırğızıstanda” kitabını rus dilində çap edib.

Hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb.

 

Qırğız Respublikası ilə hazırkı dövrdə yeni bəyanat imzalanmışdır. Bəyanatın  2022-ci il 20 aprel tarixində imzalanması ilə əlaqədar mərasim olmuşdur. Mərasimdə 10 sənəd imzalanmışdır.

– Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir;

– Əməkdaşlığın səmərəliliyini artıran amil. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır;

– Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir;

– Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır;

– Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var;

– Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək;

– Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.

 

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

“Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almazbek Akmataliyev imzaladılar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzaladılar.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzaladılar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”u Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Talantbek İmanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının nəqliyyat və kommunikasiya naziri Erkinbek Osoyev imzaladılar.

“Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

 

 

 

 

 

İsmayılov Akif/ Nəsimi rayon Ağsaqqal Şurasının üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki