image-resid-heyderovbackend

Ermənistan Cənubi Qafqazdakı yeni reallıqla barışmaq məcburiyyətindədir

image-reklam_sirab_01

Sentyabrın 23-də Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışında xüsusi diqqət ayırdığı məsələlərdən biri 44 günlük müharibənin və Azərbaycanın zəfərinin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar oldu.

Qeyd edək ki, bu çıxış həm də onunla əlamətdardır ki, dövlət başçımız ilk dəfədir ki, BMT BA-nın ənənəvi sessiyasında məhz qalib ölkənin lideri kimi iştirak edirdi. Əgər bir il əvvəl Prezident İlham Əliyev dünyaya artmaqda olan erməni təxtibatları və müharibə ehtimalı barədə xəbərdarlıq edirdisə, bu gün qürurla Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini bildirir.

Bildiyimiz kimi, Azərbaycanın zəfəri, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması regionda yeni reallıqlar, yeni imkanlar yaradıb. İlk növbədə, Azərbaycan özünü bölgənin real siyasi, iqtisadi, hərbi gücü kimi təsdiqləyib. Müharibədən öncə də Azərbaycanın bütün parametrlərinə görə Cənubi Qafqazda xüsusi çəkiyə malik olması bəlli idi. Lakin 44 günlük müharibə Azərbaycanda idarəetmə sisteminin çevikliyinin, ordunun gücünün və xalq-iqtidar birliyinin möhkəmliyinin əsl sınağı oldu və ölkəmiz bu sınaqdan başıuca, üzüağ çıxdı.

Digər tərəfdən, ötənilki müharibə dövründə Azərbaycan-Türkiyə qardaşlığı özünü ən yüksək səviyyədə büruzə verdi və 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Türkiyənin bölgədə artan çəkisini təsdiqlədi.

Azərbaycanın zəfəri və ərazi bütövlüyünün bərpası regionda beynəlxalq əhəmiyyət daşıyan yeni ticarət marşrutlarını və nəqliyyat-kommunikasiya xətlərini açmaq imkanı yaratdı. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır. 3+3 formatında əməkdaşlığa imkan verən yeni şəraitdən Ermənistan da daxil olmaqla bütün region dövlətləri yararlana bilərlər.

Lakin müharibədən keçən bir il ərzində görünən odur ki, rəsmi İrəvan, yaxud ən azından Ermənistan siyasi elitasının bir hissəsi yeni reallıqları qəbul etmək istəmir. Prezident İlham Əliyevin BMT BA-nın 76-cı sessiyasındakı çıxışında da dediyi kimi, Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir: “Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

Azərbaycanın Ermənistan tərəfindən vaxtilə işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmənin və vandalizmin təməlində dayanan və Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya getdikcə artmaqdadır. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ona görə də Azərbaycan öz Qələbəsi ilə təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib.

Məlumdur ki, azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1,3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Azad olunmuş torpaqlardakı bərpa və yenidənqurma işlərinə dost ölkələrin şirkətləri də cəlb olunub.

Bölgəmizdə sülh və sabitliyin bərqərar olması baxımından Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir. Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin indiyədək Ermənistandan müsbət reaksiya yoxdur. Belə görünür ki, Ermənistan hələ də müəyyən qərəzli və beynəlxalq hüquqa zidd iddialarından əl çəkməyib.

Bu günlərdə şanlı Vətən müharibəsinin ildönümünü qeyd edirik. İstər dövlət başçımızın BMT-dəki çıxışı, istərsə də müharibənin ildönümü Ermənistana ciddi düşünüb doğru nəticəyə gəlməsi üçün bir mesajdır.

44 günlük müharibədə Azərbaycan əsgəri Vətəni qorumaq, doğma torpaqları işğaldan azad etmək kimi ali məqsəd uğrunda mübarizə apardı, bu yolda canını qurban verənlər ən ali məqama – şəhidlik zirvəsinə yüksəldi. Ermənistan isə öz ordusunun həm canlı qüvvə, həm də hərbi texnika baxımından mühüm hissəsini başqasının torpağında rəzil bir vəziyyətdə itirdi.

Özünün “müstəqilliyinin” böyük hissəsini məsrəfli işğal yükü ilə yaşayan Ermənistan bu müddətdə bütün sahələrdə real inkişaf imkanlarından məhrum oldu, 44 günlük müharibənin nəticələri isə işğalın Ermənistana uzunmüddətli perspektivdə yaxşı heç nə qazandırmadığını göstərdi.

Ona görə də Ermənistan keçmiş münaqişənin və müharibənin verdiyi dərslərdən özü üçün düzgün nəticələr çıxarıb sivil dünyanın bir parçası olmaq qərarına gələrsə, Azərbaycandan da bu yolda dəstək görə biləcək. Əgər rəsmi İrəvan yenə də sülhdən imtina yolunu tutarsa, onda Ermənistanın xarici dairələrdən asılılığı daha da güclənəcək, sosial-iqtisadi inkişaf imkanları məhdudlaşacaq, bir dövlət kimi olan-qalan formal mövcudluğunu da ciddi təhdid altına qoyacaq.

Hülya Məmmədli

Politoloq

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki